“Neft-qaz ÜDM-nin 50%-dən artığını təşkil edir” - HƏSƏN DƏMİRXAN

“Azərbaycanda 400-dən çox bank var ki, Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) yardımından istifadə edir. Bizim bankın rolu təkcə maliyyə imkanlarının təmin edilməsindən ibarət deyil. Biz həmçinin nau-hau, konsaltinq xidmətləri kimi işlər də görürük”. SİA xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Azərbaycan-QDTİB biznes forumunda Bankın vitse-prezidenti Həsən Dəmirxan bildirib.

O qeyd edib ki, əgər biz indi işimizin şaxələndirilməsindən danışırıqsa, o zaman yeni strukturların yaradılması da vacibdir: “Eyni zamanda, yerli valyutanın maliyyələşdirilməsi də nəzərdən qaçmamalıdır. Bu, xüsusilə iqtisadiyyatı bir məhsuldan, məsələn neftdən, qazdan asılı ölkələr üçün vacibdir. Azərbaycan iqtisadiyyatına nəzər salsaq görürük ki, neft-qaz ÜDM-nin 50%-dən artığını təşkil edir. Bu faiz həm ixracatda, həm də büdcəyə daxilolmalarda müşahidə olunur”.

H.Dəmirxan yerli valyutanı dəstəkləməyə çalışdıqlarını da deyib: "QDTİB olaraq hər zaman yerli valyutanın dəstəklənməsinə çalışırıq. 2019-cu ilin avqustunda biz beynəlxalq maliyyə qurumları arasında ilk olaraq Azərbaycanın yerli valyutasına yardım göstərdik. Bu yardım təxminən, birja vasitəsilə 10 milyon Azərbaycan manatı məbləğində olmuşdu. Bu müsbət əks-sədasını aldığımız gözəl bir təcrübə idi”.

Bütün xəbərlər Facebook səhifəmizdə