Müasirlik və inkişafımızın göstəricisi: yol infrastrukturu - TƏHLİL
Dövlət başçısının Sərəncamı ilə Məmmədabad–Genişkənd avtomobil yolunun tikintisinə 1,0 (bir) milyon manat ayrılıb
Zəngin potensiala malik olan Azərbaycanda yol infrastrukturunun inkişafı ölkənin əsas prioritetlərindən birinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili siyasəti sayəsində qazanılan müvəffəqiyyətlərin sırasında bu sahənin inkişafı önəmli yer tutur. "Azərbaycanda ən müasir yol infrastrukturu yaradılacaq", - deyən dövlət başçısı tərəfindən bu sahəyə ayrılan diqqət nəticəsində respublikamızda ən müasir standartlara cavab verən nəqliyyat obyektləri və geniş şəbəkəli nəqliyyat sistemi yaradılıb. Hazırda isə dinamik templə həyata keçirilən qlobal layihələr və Azərbaycan Respublikasının sürətli iqtisadi inkişafı ölkədə etibarlı və dünya standartlarına cavab verən nəqliyyat sistemini təmin edib. Bu gün respublikada nəqliyyat-yol kompleksinin inkişafı istiqamətində görülən işlər, o cümlədən, magistral avtomobil yollarının bərpası, ən ucqar kəndlərə yolların çəkilməsi və s. istiqamətində reallaşan layihələr dövlətin bu sahəyə olan diqqətinin bariz nümunəsidir.
Bu sahəyə ayrılan diqqətin nəticəsidir ki, müasir yol infrastrukturu ölkə iqtisadiyyatının şaxələndirilməsinə, regionlarımızın sürətli inkişafına, eləcə də xalqın sosial rifahının yüksəldilməsinə öz töhfəsini verir. İyun ayının 9-da dövlət başçısının "Saatlı rayonunun Məmmədabad–Genişkənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" imzaladığı Sərəncamı görülən işlərin davamının təzahürüdür. Sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Məmmədabad–Genişkənd avtomobil yolunun tikintisi məqsədilə "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 1,0 (bir) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Qeyd olunan Sənəddən iki gün əvvəl isə dövlət başçısının "Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Sərəncamına əsasən, Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə dövlət büdcəsindən 1,0 (bir) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
"YOL OLMAYAN YERDƏ İNKİŞAF DA YOXDUR"
Azərbaycan Respublikası iqtisadiyyatının hərtərəfli və sürətli inkişafı Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyən etdiyi sosial-iqtisadi inkişaf strategiyasına əsaslanır. Ölkəmiz bütün sahələrdə böyük nailiyyətlərə imza atır, iqtisadi inkişaf tempinə görə dünyada lider dövlətlər sırasında durur. Bütövlükdə ölkə iqtisadiyyatının, o cümlədən nəqliyyat sisteminin inkişaf konsepsiyası Cənab İlham Əliyevin rəhbərliyi altında daha da təkmilləşərək uğurla davam etdirilir və bu sahədə aparılan ardıcıl islahatlar ölkənin nəqliyyat sektorunu da ən perspektivli sahələrdən birinə çevirib. Son illərdə bütün növ nəqliyyat infrastrukturlarının etibarlılığının təmin olunması, nəqliyyatın işinin səmərəli təşkili üçün zəruri tədbirlər görülüb, nəzərdə tutulan infrastruktur layihələrinin vaxtında və keyfiyyətlə icra edilməsinə nail olunub. Əminliklə demək olar ki, respublikanın nəqliyyat sistemi əhəmiyyətli dərəcədə genişlənib. Beynəlxalq yol-nəqliyyat sistemi ilə yanaşı, respublikadaxili, magistral, həm şəhərlərarası, həm də kənd yollarının tikintisi, təmiri geniş vüsət alıb. "Yol olmayan yerdə inkişaf da yoxdur", - deyə Prezident İlham Əliyev bildirib. Yol-nəqliyyat infrastrukturunun yeniləşməsi ölkəmizin sosial-iqtisadi inkişafına, əhalinin ümumi yaşayış səviyyəsinə təsir göstərir. Bütövlükdə, ölkədə yol-nəqliyyat infrastrukturunun davamlı inkişafı əhalinin sosial-mədəni və sosial-iqtisadi vəziyyətinin yüksəlməsinə xidmət edir.
PİYADALARIN TƏHLÜKƏSİZLİYİ VƏ RAHATLIĞI TƏMİN OLUNUB
Yol şəbəkəsinin yenidən qurulması, sözün əsl mənasında, təqdirəlayiqdir. Ulu Öndər Heydər Əliyevin yolu təkcə mədəniyyət və iqtisadiyyat deyil, həm də bütünlüklə həyat mənbəyi hesab etməsi əbəs deyildi. Müasir dünyamızda paytaxt Bakı ilə yanaşı, bölgələrdə uzanan müasir yollar ölkə əhalisinin təhlükəsizliyini və rahatlığını təmin edir. Bu həm də məhsulun itkisiz daşınmasına şərait yaradır və regionların sosial-iqtisadi inkişafına kömək edir. Yeni çəkilən və əsaslı surətdə yenidən qurulan yollar, tikilən yeraltı və yerüstü piyada keçidləri, avtobus dayanacaqları piyadaların təhlükəsizliyinin təmin edilməsində, rahatlığının təminində əhəmiyyət kəsb edir. Regionda yük və sərnişin daşımalarını xeyli yaxşılaşdırıb. bölgədə turizmə və sosial-iqtisadi inkişafa təkan verib. Dünyada turist ölkəsi kimi tanınan Azərbaycana gələn turistlər rahat və müasir magistral yollarla səfərlərini uğurla başa vururlar. Belə ki, Qubanın Xınalıq kəndinə, İsmayıllının Lahıc qəsəbəsinə, Qusarın "Şahdağ" Qış-Yay Turizm Kompleksinə, Şəkinin Kiş Alban məbədinə və s. gözəl məkanlara rahat yollarla gedirlər.
"YOL HƏM MƏDƏNİYYƏTDİR, HƏM RAHATLIQDIR, HƏM MÜASİRLİKDİR, HƏM DƏ ÖLKƏNİN SƏVİYYƏSİNİ GÖSTƏRİR"
Bu gün Azərbaycanın müxtəlif bölgələrində, eləcə də paytaxt Bakı ilə yanaşı, yenidən qurulan Qarabağda kənd və qəsəbələri birləşdirən yollar çəkilir. "Böyük qayıdış"ın ilk ünvanı olan Cocuq Mərcanlı yolundan sonra artıq işğaldan azad olunuan ərazilərimizdə Qarabağa müasir avtomobil yolları çəkilir.
Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, "Yol həm mədəniyyətdir, həm rahatlıqdır, həm müasirlikdir, həm də ölkənin səviyyəsini göstərir". İndi qələbə qazanmış Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfər edənlər "ZƏFƏR yolu"ndan keçirlər. Bu yol bizim müasirliyimizin və inkişafımızın göstəricisidir.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB