Bu faktorlar dünya üzrə ərzaq qiymətlərinin artımı ilə nəticələnir - İQTİSADÇI EKSPERT AÇIQLADI

“2021-ci ildə dünya ərzaq qiymətləri son 10 ilin ən yüksək səviyyəsinə çatmışdır”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitenin Beynəlxalq İqtisadiyyat kafedrasının müəllimi, iqtisadçı ekspert Aslan Əzimzadə bildirib.

Onun sözlərinə görə, bu qiymət artımını şərtləndirən müxtəlif faktorlar vardır: “Bunlardan biri, covid-19 pandemiyası nəticəsində tələbin təklifi üstələməsidir. Çünki istehsalda yaranan müəyyən problemlər təklifi azaltdığı üçün tələb artıqlığını yaradır ki, bu tələb artıqlığı da müəyyən qiymət artımları ilə nəticələnir. Digər tərəfdən iqlim dəyişikliyində baş verən problemlər məhsuldarlığın aşağı düşməsi ilə nəticələnir. Bu faktorlar da dünya üzrə ərzaq qiymətlərinin artımı ilə nəticələnir. Digər tərəfdən biz burda dünyada baş verən struktur böhranı çərçivəsində iqtisadiyyatın müxtəlif sektorları arasında disbalansın formalaşması nəticəsində bir təhlil apara bilərik. Bu gün dünya ölkələrində pul kütləsi olduqca yüksəkdir. Təbii ki, bu bir mənada yaxşıdır, çünki monetizasiya əmsalının yüksək olması müəyyən mənada daxili investisiyanın inkişafını şərtləndirir. Lakin buna nəzarət etmək lazımdır. Kapitalın transsərhəd hərəkətinə nəzarət etmək lazımdır. Bu hərəkətlilik sərbəst olduqca, ölkələrdə pul kütləsi artımı müşahidə olunub ki, bu pul kütləsi artımı öz-özlüyündə inflyasiyanı yaradan başlıca amil kimi qiymətləndirilə bilər”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə