"Azərbaycan-Ukrayna münasibətləri ilbəil genişlənir və daha da zənginləşir” - Aydın Hüseynov

“Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya işgüzar səfəri zamanı imzalanan sənədlər ikitərəfli münasibətlərin inkişafında yeni səhifə açdı. Ümumiyyətlə, Ukrayna ilə Azərbaycan və bu iki ölkənin xalqları arasında əlaqələrin zəngin tarixi var. Hər iki ölkə müstəqilliklərini bərpa etdikdən sonra əlaqələr yeni müstəvidə formalaşıb. Diplomatik münasibətlər 1992-ci ildə qurulsa da, məhz ulu öndər Heydər Əliyevin 1993-cü ildə Prezident seçilməsindən sonra ikitərəfli əlaqələr inkişaf etməyə başlayıb. Ölkələrimiz arasındakı xoş münasibətləri bu gün Prezident İlham Əliyev uğurla davam etdirir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Prezidentlər İlham Əliyevin və Volodimir Zelenskinin iştirakı ilə keçirilən mərasimdə iki ölkə arasında müxtəlif sahələri əhatə edən saziş və memorandumların imzalanması əlaqələrdə yeni mərhələnin başlanmasından xəbər verir: “Azərbaycan və Ukrayna iqtisadiyyatı bundan yalnız faydalar əldə edəcək. Ölkələrimiz arasında ticarət dövriyyəsi artacaq. Aqrar sektora investisiyaların cəlb olunması bu sahənin inkişafına və ərzaq təhlükəsizliyi ilə bağlı problemlərin həllinə səbəb olacaq. Energetika sahəsinə gəldikdə isə qeyd etməliyik ki, Ukraynadakı neft emalı zavodlarında Azərbaycan neftini emal etməklə Şərqi Avropa bazarına çıxışımızı sürətləndirmiş olacağıq. Bu hər iki ölkənin iqtisadi maraqlarına cavab verir. Ona görə də Ukrayna ilə Azərbaycan arasında neft sektoru üzrə əməkdaşlığı genişləndirməliyik. Bir daha qeyd etmək istərdik ki, səfər çərçivəsində əldə olunmuş razılaşmaların reallaşdırılması iki ölkənin iqtisadiyyatının daha sürətli inkişafına yol açacaq və böyük dividendlər gətirəcək”.

A.Hüseynov bildirib ki, kənd təsərrüfatı, nəqliyyat, energetika, ticarət sahələrinə aid olan ikitərəfli 6 sənəd imzalanması özündə bir çox məsələləri ehtiva edir: “Göründüyü kimi, qarşıda planlar çoxdur və şübhəsiz, bu planlar həyatda öz əksini tapacaq. SOCAR Ukraynada öz fəaliyyətini genişləndirmək niyyətindədir və Ukrayna tərəfi də Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynada gələcək planlarına dəstək olduğunu nümayiş etdirir. Ukrayna artıq Azərbaycanın strateji tərəfdaşına çevrilib. Müttəfiqlik münasibətləri beynəlxalq əməkdaşlıqdan tutmuş iqtisadi və hərbi sahələrə qədər geniş spektri əhatə edir. Hər iki ölkə beynəlxalq aləmdə bir-birinin mövqeyini dəstəkləyir. İki ölkə arasında ənənəvi olan mehriban münasibətlər ilbəil genişlənərək daha da zənginləşir. Təxminən 20 gündən sonra Azərbaycanla Ukrayna arasında diplomatik münasibətlərin bərpasının 30 illiyi qeyd ediləcək. Beləliklə, münasibətlərin bundan sonra da inkişaf edərək yeni-yeni sahələri əhatə edəcəyini birmənalı söyləmək mümkündür”.

Bütün xəbərlər Facebook səhifəmizdə