“2021-ci ilin yekunları 2022-ci il üçün maliyyə bazası formalaşdırdı” İQTİSADÇI-EKSPERT AÇIQLADI

“2021-ci ilin yekunları 2022-ci il üçün maliyyə bazası formalaşdırdı” İQTİSADÇI-EKSPERT AÇIQLADI

2022-ci ildə dövlət büdcəsi xərclərinin 30 milyard manata yaxın olması həm büdcə gəlirlərinin artması, eləcə də 2021-ci ilin yekunlarının iqtisadi baxımdan pozitiv olması ilə bağlıdır. Bu sözləri SİA-ya verdiyi açıqlamasında iqtisadçı-ekspert, millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, 2021-ci ildə həm neft, həm də qeyri-neft sektorundan proqnozlaşdırılandan daha çox vəsait dövlət büdcəsinə daxil oldu və bu da imkan verdi ki, 2022-ci ildə dövlət büdcəsinin gəlirlərini daha çox proqnozlaşdırmaq mümkün olsun.

“Əslində, 2021-ci ilin yekunları 2022-ci il üçün xüsusi maliyyə bazası formalaşdırdı. Digər tərəfdən də vəsaitin bir hissəsi qalıq olaraq 2021-ci ildən 2022-ci ilə keçəcək. Təbii ki, xüsusi sosial paket təqdim olunacaq. Həmin sosial paketin sadəcə 1,4 milyard manat ayrıca olaraq xərci var. Bu əslində sosial xərclərdən əlavə bir paketdir və bütövlükdə paket daxil sosial xərclərin dövlət büdcəsindəki payı 46, 4 faiz olacaq. Bu isə Azərbaycanın müstəqillik tarixində ən böyük paydır. Bu da təbii ki, nəticə etibarı ilə büdcənin xərclər hissəsinə təsir göstərdi.

Eləcə də təbii ki, digər mühüm məqam, işğaldan azad olunmuş ərazilərimizin bərpası prosesinin davam etməsi, bu istiqamətdə 2,2 milyard manat vəsaitin ayrılması da nəzərə alınmalıdır. Amma bütövlükdə xərclərin çox olmasının səbəbi gəlirlərdə proqnozlaşdırılan artımdır. Yəni, hər bir ölkənin gəliri olmalıdır ki, daha çox xərcləyə bilsin və bu kontekstdən 2021-ci ilin başa çatmaqda olan yekunları növbəti il üçün gəlirlər və xərclər baxımından daha pozitiv, daha gəlir və xərcləmələr proqnozlaşdırmağa imkan verdi”, deyə Vüqar Bayramov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə