İllüziya ilə müşayiət olunan iqtisadi aktivlik

...Dünən ermənilərin “ARKA” saytı Ermənistanda iqtisadi aktivlik göstəricisinin yenidən baş qaldırmağa başladığı barədə xəbər yayıb. Deməli, saytın yazdığına görə, ölkədə bu ilin yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə iqtisadi aktivlikdə 5 faiz artım qeydə alınıb. Eyni zamanda, bu ilin iyun ayında 2020-ci ilin iyun ayı ilə müqayisədə bu göstərici 8 faiz, 2021-ci ilin may ayı ilə müqayisədə isə 12 faiz artıb.

Əslinə qalsa, ermənilər bunu şadyanalıqla təqdir etməlidirlər. Amma elə ermənilərin özləri tərəfindən bəzi “əmma”lar olmaya...

Məsələn, bəzi ermənilər bu ilin iyununda ölkədə hər-hansı bir iqtisadi aktivliyin mövcudluğuna elə də şübhə etmirlər. Hətta buna inanırlar da. Çünki ölkədə seçkidən əvvəl öz təbliğatlarını aparan erməni seçiciləri onlara səs verəcəklərinə söz verənlərə xeyli dram paylamışdılar. Təbii ki, buna görə də iyun ayında Ermənistanda “tüğyan edən” iqtisadi aktivliyə heç kim irad tuta bilməz.

Amma bu müsbət iqtisadi aktivliyin sonrakı aylardakı real iqtisadi vəziyyətlə bir əlaqəsi varmı? Əslində, bu vəziyyətdə belə bir əlaqənin olmadığı açıqdır. Əlbəttə ki, rəqəmlərdə müəyyən bir artım var, amma bu, heç də obyektiv olaraq ölkədəki iqtisadi aktivliyin mənzərəsini əks etdirmir.

Yenə də, deməli... erməni hesabatına görə, bu ilin birinci yarısında iqtisadi aktivlik göstəricisi 5 faiz artımla yanaşı, 2020-ci ilin eyni dövrü ilə müqayisədə sənaye istehsalının həcmi 2,1, kənd təsərrüfatı məhsullarının həcmi 6.8, tikinti həcmi 10.8, ticarət həcmi 8, xidmətlərin həcmi 2.7, elektrik enerjisi istehsalı 5, xarici ticarət dövriyyəsi 13.4, ixrac 23,3, idxal 7, 9 faiz artıb. Belə görünür ki, erməni iqtisadiyyatı, həqiqətən, “koma”dan çıxaraq, artıq “ümumi palataya” keçirilir...

Amma bir çox erməni iqtisadçıları bütün bu artımları ölkədəki qiymət artımının birbaşa nəticəsi kimi qələmə verirlər.

Belə ki, onlar deyilənləri bir nümunə ilə bu cür izah edirlər: 1 milyard 36 milyon dram olan sənaye istehsalının həcmi keçən ilin birinci yarısına nisbətən yüzdə 2,1 faiz artım qeyd edib. Bu vaxt yüzdə 10 faiz artımı sənaye istehsalçısı qiymət indeksinə görə qeyd edib. Əslində, erməni reallığının bütün sirri də budur.

Erməni iqtisadçılarının dediyinə görə, bənzər bir sxem demək olar ki, bütün makroiqtisadi göstəricilər üçün işləyir. Buna görə də, bütün həcmlər - ticarət, xidmətlər, tikinti, kənd təsərrüfatı, ixrac, idxal və s. pulla ölçülür. Buna görə qiymətlər həcm parametrlərinə birbaşa təsir edir.

Onu da bildirək ki, bütün bunları əsas tutan əksər erməni iqtisadçıları erməni hakimiyyətinin “zəhmət çəkərək” xalqa sırımağa çalışdıqları iqtisadi tərəqqinin illüziyadan başqa bir şey olmadığını bildirirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə