Türkiyə və Çin dəmir yolları vasitəsilə ticarət dövriyyəsini artırırlar

Keçən il koronavirus pandemiyasına baxmayaraq, Türkiyə ilə Çin arasındakı ticarət dövriyyəsi 26 milyard dollar təşkil edib. Türkiyənin Çindəki səfiri Abdulkadir Emin Onen son 10 ildə Çin-Avropa beynəlxalq dəmir yolu layihəsinin həyata keçirilməsində əhəmiyyətli irəliləyişlərin əldə olunduğunu və bu inkişafın davam etdiriləcəyini də istisna etməyib. SİA bu barədə “China Daily” nəşrinə istinad edir.

Səfirin sözlərinə görə, "Çin - Avropa" müntəzəm konteyner qatarı Avrasiya məkanında dəmir yolu nəqliyyatının inkişafında mühüm bir mərhələdir.

Çin Dəmir Yolları Korporasiyasının açıqlamasına görə, 2021-ci ilin ilk yarısında Çin-Avropa beynəlxalq dəmir yolu yük marşrutlarında ümumilikdə 7377 yük qatarı işləyir ki, bu da keçən ilin eyni dövrünə müqayisədə 43 faiz çoxdur. Yanvar-iyun aylarında təxminən 707 min standart yük konteynerləri daşınmışdır ki, bu da illik müqayisədə 52 faiz çoxdur.

Xatırladaq ki, Çin-Avropa yük qatarı 2011-ci ilin mart ayında Çinin Çongqing şəhərindən yola salınıb. Belə ki, həmin qatarlar 40.000-dən çox səfərlə Avropanın 22 ölkəsinin 160-dan çox şəhərinə yük çatdırıb. Qeyd edək ki, nəql olunan malların həcmi artıq 200 milyard dolları keçməkdədir.

Çin-Avropa beynəlxalq dəmir yolu layihəsinin, Türkiyədə davam edən dəmir yollarının inşası və yenidən qurulması, infrastruktur və inkişaf etmiş xidmətdən də faydalandığını deyən türk səfiri, 2020-ci ilin dekabrında Türkiyə ilə Çin arasında birbaşa dəmir yolu nəqliyyat xidmətlərinin açılmasını bu inkişafın ən son və əlamətdar nümunəsi kimi dəyərləndirib.

Onu da qeyd edək ki, qatarlar Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Transxəzər nəqliyyat marşrutu ilə hərəkət edirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə