İnkişafın dəmir yolu - TƏHLİL

Möhtəşəm işlərin, layihələrin təməlinin qoyulması ölkəmizdə ənənəyə çevrilib və cənab Prezident İlham Əliyev bu ənənəni həvəslə, yorulmadan davam etdirir. Çünki, dövlət siyasətinin mərkəzində ölkənin daha da abadlaşdırılması, iqtisadiyyatının daha da inkişaf etdirilməsi, Azərbaycanın qüdrətinin daha da artırılması və bütün bunların fonunda da, xüsusən, vətəndaş amili dayanır. Təbii ki, bütün bunlar bütövlükdə Azərbaycan vətəndaşının daha yaxşı yaşaması, rifah halının yüksəldilməsi və rahatlığının təminatına hesablanıb. Görünür, elə buna görə də möhtəşəm lahiyələr davamlı olaraq həyata keçirilir və bütün bunlar da öz növbəsində daha böyük uğurlardan xəbər verir.

Dünyaya səs salan “Xarı bülbül“ festivalının ardınca ölkə başçısının Qəbələyə səfər etməsi, orada mühüm, özü də strateji əhəmiyyətli infrastruktur layihələrinin açılışını etməsi bir çox məqamlara, hətta bir çox suallara da aydınlıq gətirdi. Çünki, bütün dünyanın diqqət mərkəzində olan Azərbaycanda quruculuq işlərinin yəqin ki, bundan sonra yalnız işğaldan azad olunmuş ərazilərimizdə reallaşacağı fikirləri tamamilə alt-üst oldu və hər kəsə əyan oldu ki, Qarabağda quruculuq, bərpa işlərinin getdiyi bir zamanda belə, heç bir rayon, keç bir ərazi, heç bir yaşayış məntıqısi, eləcə də ölkə iqtisadiyyatı, vətəndaşların rifah halının, yaşayış şəraitinin daha da yaxşılaşdırılması diqqətdən, qayğıdan kənarda qalmayacaq.

Dəmir yollarının salınması, yenidən qurulması, bölgələridə yeni stansiyaların açılması sıradan bir hadisə deyil və məhz Qəbələ rayonuna da dəmir yolu xəttinin çəkilişi, bu rayonda stansiyanın açılışı böyük uğur deməkdir. Bəli, yol mədəniyyətdir, yol inkişafdır, tərəqqidir və bu baxımdan Qəbələyə çəkilən dəmir yolu çox geniş imkanlardan, gələcək perspektivlərdən xəbər verir. Əbəs yerə deyil ki, ölkəmizdə dəmir yollarının yenidən qurulması sahəsində çox böyük işlər görülüb və görülməkdədir. Yeni dəmir yollarının salınması, stansiyalar tikilməsi heç də təsadüfi hesab oluna bilməz. Son illərdə ölkəmizdə dəmir yollarının inşasına, istifadəyə verilməsinə böyük maraq da səbəbsiz deyil. Məsələn, Bakı-Tbilisi-Qars dəmir yolu çox böyük lahiyədir və haqqında danışmaqla, səmərəliliyi barədə söz açmaqla bitən deyil. Bu, sərnişin və yükdaşıma həcmlərinin genişlənərək artması, ölkəmizin beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilməsi, nəticədə isə böyük imkanlar deməkdir.

Həqiqətən də ölkəmizdə dəmir yolu inşası cənab Prezidentin rəhbərliyi ilə uğurla aparılıb və aparılmaqdadır. Bu işlər ölkə başçısının uzaqgörən siyasətinin bariz nümunəsidir ki, dövlətimiz, vətəndaşlarımız bunun bəhrəsini görməkdədir. Gələcəkdə isə daha böyük nəticələrə ümud etməkdə hər kəs haqlıdır, çünki, bu gün salınan dəmir yolları, tikilərək istifadəyə verilən stansiyalar gələcək uğurların təməlinin qoyulması kimi başa düşülməlidir. Özü də ölkəmizdə salınan dəmir yolları sözün əsl mənasında ən üstün keyfiyyətlərə malik hesab olunur. Davos Dünya İqtisadi Forumunun hesabatlarında ölkəmizin dəmir yollarının keyfiyyət və səmərəliliyinin hər il yüksək qiymətləndirilməsi də təsadüfi deyil. Həmin hesabatlarda qeyd olunur ki, ölkəmiz məhz bu sahədə dünyada 10 ölkədən biridir və bu çox böyük göstəricidir. Nəzərə alsaq ki, ABŞ və bir çox Avropa ölkələri, ümumilikdə dünyanın bir sıra inkişaf etmiş ölkələri daha uzun müddətdir bu istiqamətdə işlər görüb, deməli, qısa müddətli fəaliyyəti sayəsində Azərbaycanın ilk 10 ölkədən biri olaraq qeyd olunması böyük qiymət, uğurlu nəticədir. Heç şübhəsiz ki, bu nəticə daha uğurlu nəticələrə zəmin yaradır və Azərbaycan vətəndaşı bunun bəhrəsini mütləq görəcək.

Dəmir yollarının varlığı və əhatəsi ölkənin iqtisadi potensialını müəyyənləşdirir və hətta nümayiş etdirir. Bəli, dəmir yolları ölkənin potensialını, gücünü göstərir. Doğrudur, dəmir yolu dedikdə, bəlkə də ilk baxışda yalnız sərnişindaşıma, insanların bir məntəqədən digərinə fasiləsiz və rahat daşınması xəyala gələ bilər. Etiraz etmirik ki, bu da vacib amillərdəndir. Vətəndaşların rahatlığı, insan amili dövlətimizin prioritet məsələlərindəndir, özü də ən vacib hesab olunur. Qeyd etdiyimiz kimi, dövlət siyasətinin mərkəzində məhz vətəndaş amili dayanır və görülən işlər də nəticə etibarı ilə buna hesablanıb. Elə bu nəticənin hasil edilməsi üçün də məhz əlaqələrin yaradılması, inkişaf tələb olunur və nəzərə almaq lazımdır ki, ölkələr bir-biri ilə nəqliyyat infrastrukturu vasitəsi ilə əlaqədə ola bilir, istənilən sahədə əməkdaşlıqlar bu yollar sayəsində genişləndirilir. Görülən işlərə nəzər saldıqda etiraf etməliyik ki, Azərbaycan bir çox ölkələr üçün önəmli dəmir yolu məntəqəsinə çevrilib.

Bəllidir ki, dəmir yolu mühüm nəqliyyat növü və vasitəsidir. Bu nəqliyyat növünün rolu və əhəmiyyəti hələ 100 illər bundan əvvəl dünyaya məlum idi. Bu nəqliyyat növündən, vasitəsindən sərnişindaşımada Qərb ölkələrində də, Avropada da tarixən geniş istifadə olunub və hələ də istifadə olunmaqdadır. Hətta ölkələr arası dəmir yollarının olması sərnişin daşınmanın fasiləsizliyini təmin edir, eləcə də sərnişinləri avtomobil nəqliyyatından fərqli olaraq tıxac problemlərindən azad edir. Bununla yanaşı etiraf edək ki, sərnişinlərin daşınmasında daha əlverişli şərait və eləcə də qiymətlərin kifayət qədər sərfəli olması baxımından da dəmir yolları qənaətbəxşdir. Məhz buna görə də deyə bilərik ki, dəmir yolları sərnişin daşınmaları məsələlərində də öz əhəmiyyətini qoruyub saxlayır.

Nəzərə almaq lazımdır ki, dəmir yolları yüklərin daşınması üçün də ən unikal nəqliyyat növü, vasitəsidir. Beləki, istər çəki, istərsə də həcm baxımından kifayət qədər iri yüklər üçün dəmir yolu nəqliyyatı əvəzsizdir. Yüklərin bir məntəqədən digərinə ən çox həcmdə, ən böyük çəkidə daşınmasında məhz buna görə dəmir yollarından istifadə edilir. Ölkələr arasında istənilən təyinatlı yüklərin daşınması dəmir yolu ilə həyata keçirilir.

Sadalananlar tərəfimizdən təsadüfi olaraq qeyd olunmayıb və bildirmək istədik ki, ölkəmizdə dəmir yollarının inşası, yeni yolların salınması, stansiyaların tikilib istifadəyə verilməsi böyük işlərdən, perspektivlərdən xəbər verir. Beləki, yüklərin daşınması üçün ən əlverişli vasitə olan dəmir yolları ilə ölkəmizdə istehsal olunan istər kənd təsərrüfatı, istərsə də sənaye məhsulları xarıci bazarlara daşına bilir. Bu həm ixrac potensialının artması deməkdir, həm də xarici bazarlarla əlaqələrin genişləndirilməsi. Əlaqələrin belə genişlənməsi də öz növbəsində tələbatın artımına zəmin yardır və nəticədə ölkədə istər sənaye, istərsə də kənd təsərrüfatı məhsullarının istehsal həcmi artmış olur. Məsələn, kənd təsərrüfatı məhsulları istehsalçıları məhsullarının xarici bazarlara çıxarılması, realizə olunması, satılması imkanlarını nəzərə alaraq həmin məhsulların daha böyük həcmdə istehsalına maraqlı olurlar. Bu da öz növbəsində ixracın həcmini durmadan artırır, insanların gəlirlərinə çox böyük təsir edir, məşğulluq səviyyəsini, rifah halını yüksəldir. Nəzərə alsaq ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahiblarlar vergi ödəyicisi olurlar, deməli bütün bunlar ölkəyə daxil olan pul vəsaitlərinin də artımına, büdcənin daha çox vəsaitlə təmin olunmasına imkanlar açır.

Təkcə yük daşınmasında deyil, sərnişindaşınmalarda da dəmir yolları böyük imkanlar vəd edir. Beləki, sərnişin daşınmaları turizm potensialının artması anlamına gəlir. Əgər, istər ölkə daxilindən, istərsə də ölkə xaricindən olan sərnişinlərin daşınması yüksək səviyyədə, özü də daha münasib qiymətlərlə təmin olunarsa, bu insanların bölgələrimizə axını ilə nəticələnə bilər ki, bununla da kifayət qədər zəngin təbiəti, turizm potensialı olan ərazilərimizdə həmin sahənin inkişafına zəmin yaranmış olur. Bu da öz növbəsində iqtisadi yüksəlişdən, gəlirlərin artımından, yenə də məşğulluq səviyyəsinin yüksəlməsindən, nəticədə insanlarımızın, vətəndaşlarımızın rifah halının daha da yaxşılaşdırılmasından xəbər verir.

Bir sözlə, dəmir yolu inşasını, dəmir yolları stansiyalarının qurulmasını, ölkəmizdəki dəmir yollarını inkiafın “dəmir yolu” da adlandırmaq olar. Çünki, bu yollar inkişafa, tərəqqiyə, daha böyük nəticələrə aparan elə sarsılmaz, dəmir yollardır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə