Alternativ enerji erasında Azərbaycanın potensialı - ARAŞDIRMA

Son dövrdə neftin qiymətinin ucuz olması və dünyada neftə tələbatın getdikcə aşağı düşməsi enerji təhlükəsizliyi və energetikanın diversifikasiyası məsələsini yenidən aktuallaşdırıb. Üstəlik, dünyada neft yataqları tükənməyə doğru gedir. Alternativ enerji mənbələrinin belə təhlükələrdən sığortalanmış olması ona marağı getdikcə artırır.

Alternativ enerji dünyada hansı çəkiyə malikdir?

Dünyada neft-qaz kimi ənənəvi enerji mənbələri tükənmək üzrə olduğundan, həmçinin ənənəvi mineral yanacaqlar ekologiyaya hədsiz ağır zərərin vurduğundan hazırda bütün inkişaf etmiş dövlətlər bu mənbələrindən asılılığı tədricən azaltmaq və gələcəkdə ondan imtina etmək istiqamətində fəaliyyətlərini gücləndiriblər. Fukusima Atom Elektrik Stansiyasında baş verən qəzadan sonra atom enerjisinin taleyi də şübhə altına düşdü. Belə vəziyyətdə alternativ enerji mənbələrindən istifadəni artırmaq məsələsi bəşəriyyətin qarşısında qlobal bir problem kimi dayanır.

Dünyada enerjiyə tələbat artdıqca vəziyyət gərginləşir. Beynəlxalq Enerji Agentliyinin dünyada enerji istifadəsinə dair statistikasına görə, 2030-cu ilədək dünyada enerjiyə olan tələbat 53% artacaq.

Mütəxəssisin qənaətincə, bu kimi proqnozlar yaxın gələcəkdə ənənəvi enerji mənbələrinə təzyiqin necə artacağını və resursların kifayət etməyəcəyini göstərməklə yanaşı, həm də alternativ enerjinin vacibliyini və perspektivini göstərir.

Məhz bu üzdən inkişaf etmiş dövlətlər alternativ enerji mənbələrindən istifadəni artırmaqla ənənəvi enerji mənbələrindən asılılığı azaltmağa çalışırlar. Hazırda dünyada istehsal olunan enerjinin yalnız 14 faizi alternativ və bərpa olunan enerji mənbələrinin payına düşür. Bu enerjinin 80 faizi biokütlənin, 16,3 faizi suyun, 3,2 faizi geotermal, 0,3 faizi günəş və 0,2 faizi külək enerjisinin payına düşür.

Alternativ enerji potensialı kifayət qədərdirmi?

Konkret sərhədləri və konkret bərpa olunmayan ehtiyatlar limiti olan Yer planetinin təbii resursları amansızcasına və sürətlə istismar olunur. Hesablamalara görə, əsrin ikinci yarısında neft-qaz və kömür yataqları tükənməyə başlayacaq. O zamanadək alternativ enerjiyə keçilməsə, bəşəriyyəti ağır günlər gözləyir.

Təbii enerji tükənməzlik və bərpaolunma xüsusiyyəti, həmçinin ekoloji baxımdan təmizliyi ilə fərqlənir. Ekoloqların və fiziklərin hesablamalarına görə, alternativ enerji mənbələri bütün bəşəriyyəti istənilən qədər enerji ilə təmin etmək qüdrətindədir.

Azərbaycanın irihəcmli neft-qaz ehtiyatları olsa da, hesablamalara görə, yeni yataqlar kəşf olunmazsa, uzağı 2050-ci ildən sonra bu ehtiyatlar tükənməyə başlayacaq. Bu isə ölkənin alternativ enerji mənbələrinə keçid hazırlıqlarını sürətləndirməsini zəruri edir.

Artıq bir neçə ildir ki, ölkəmizdə külək və günəş enerjisindən istifadəyə başlanıb. Lakin hələlik, bu iş çox zəif haldadır. Halbuki, Azərbaycanın alternativ enerji imkanlar daha çoxdur.

Külək enerjisi hansı perspektiv vəd edir?

Hesab edilir ki, ilk külək mühərrikləri hələ 2 min il qabaq Çində, Yaponiyada və Tibetdə quraşdırılıb. Bizim eramızdan əvvəlki dövrlərdə külək mühərrikləri Misirdə, Yaxın Şərqdə, o cümlədən, Azərbaycanda da mövcud olub.

Dünyada ilk 100 kVt gücündə külək elektrik stansiyası keçmiş Sovet İttifaqında (Krımda) istismar olunub. İndi müxtəlif gücdə və fərqli konstruksiyalarda olan külək mühərrikləri dünyanın bir çox yerlərində və hətta daim küləkli dəniz və okeanlarda da quraşdırılaraq istismar olunur.

Təcrübə göstərir ki, Azərbaycanın bir çox rayonlarında külək enerjisi qurğularının tətbiqinin böyük perspektivi var. Hesablamalara görə, Azərbaycan 800 MVt-a yaxın illik külək enerjisi ehtiyatına malikdir. Bu ehtiyat ildə təxminən 2,5 milyard kVt/saat elektrik enerjisi deməkdir.

Bu isə, öz növbəsində, ildə 1 milyon tona yaxın şərti yanacağa qənaət, ən əsası isə küllü miqdarda tullantıların, o cümlədən ozondağıdıcı olan karbon dioksidin atmosferə atılmasının qarşısının alınması deməkdir. Üstəlik, öz maya dəyərinə görə, külək enerjisi digər alternativ enerji mənbələri ilə müqayisədə daha ucuz başa gəlir.

Günəşli respublikanın günəş enerjisi potensialı

Hələ 1600-cu ildə Fransada suyun ötürülməsi üçün istifadə edilən və qızdırılmış hava ilə işləyən ilk günəş mühərriki yaradılmışdı. XVII əsrin axırında görkəmli fransız kimyagəri A. Lavuazye ilk günəş sobasını yaratdı.

Sonrakı dövrlərdə bu sahədə zəif də olsa, irəliləyiş baş verdi və indi dünyada nəhəng həcmli günəş batareyalarının qurulduğu stansiyalar var. Artıq bir çox ölkələrdə, günəş enerjisi ilə işləyən təyyarələr, gəmilər, avtomobillər, ev əşyaları var, hətta müxtəlif qurğular və binalar bu enerji ilə təmin olunur.

Azərbaycanda günəşli saatların miqdarı il ərzində 2400-3200 saatdır. İl ərzində 1m2 yer səthinə düşən günəş enerjisinin miqdarına görə Azərbaycan (1500-2000 kVts) ABŞ, Rusiya, Fransa, Çin kimi ölkələrdən qabaqdadır ki, bu da günəş enerjisindən istifadənin tətbiqinə sərmayələrin cəlb edilməsinin səmərəlilik meyarlarından biri kimi qiymətləndirilə bilər.

Ölkəmizdə günəşli günlərin sayı 300-dən çoxdur. Günəş enerjisindən istifadənin inkişafı Azərbaycanın bir çox rayonlarında enerji problemini qismən həll edə bilər. Artıq ölkəmizdə bununla bağlı müəyyən layihələr həyata keçirilib. Bəzi binaların damında günəş batareyaları qurulub və enerji təminatı tamamilə bundan alınır.

Su elektrik stansiyaları ekoloji təmiz texnologiyadır

Azərbaycanın ümumi enerji sistemində su elektrik stansiyalarının istehsal gücünün xüsusi çəkisi hazırda 18 faiz təşkil edir. Ölkədə indiyə qədər istifadə edilməmiş hidroenergetika ehtiyatlarının mənimsənilməsi üçün geniş imkanlar var.

Bu istiqamətdə aparılmış tədqiqat işləri nəticəsində Azərbaycandakı çayların tam hidroenerji potensialının 40 mlrd. kVt.s, texniki cəhətdən əlverişli potensialının isə 16 mlrd. kVt.s olduğu müəyyən edilib ki, bunun da 5 mlrd kVt.s kiçik SES-lərin payına düşür.

SES-lərin tikintisi sel sularının tənzimlənməsi, ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsalı və yeni suvarma sistemlərinin yaradılması kimi önəmli məsələlərin həllində də mühüm rol oynayır.

Azərbaycanda çaylar üzərində və su təsərrüfatı obyektlərində onlarla kiçik SES yerləşdirmək olar ki, onların da istehsal etdiyi elektrik enerjisi ildə azı 3 mlrd kVts təşkil edə bilər.

Qeyd edək ki, hökumət yaxın perspektivdə 50-dən artıq kiçik SES-in tikintisini məqsədəuyğun hesab edir ki, artıq onlardan bir neçəsi istifadəyə verilib.

Geotermal və biokütlə enerjisi potensialı

Yer təkinin istiliyi bir çox ölkələrdə sənaye, kənd təsərrüfatı, məişət və kommunal sahələrdə və təbabətdə geniş istifadə olunur. Enerji istehsalında və istehlakında geotermal enerji mənbələrindən istifadənin üstünlüyü ondan ibarətdir ki, onların tətbiqi iri həcmli maliyyə vəsaiti tələb etmir.

Azərbaycanda sənaye, kənd təsərrüfatı və sosial xidmət sahələrinin sürətli inkişafı biokütlədən istifadə etməklə enerji istehsalı üçün yeni imkanlar açır. Ölkədə biomaddələrin böyük mənbələri mövcuddur.

Hər il tullantıların zərərsizləşdirilməsi poliqonlarına 2 milyon tondan çox bərk məişət və istehsalat tullantıları atılır. Bakı və ölkənin iri sənaye şəhərlərində bərk məişət və istehsalat tullantılarının utilizasiya olunması ictimai binaların qızdırılmasındakı çətinliklərin qismən aradan qaldırılmasını təmin etmiş olardı.

Bundan başqa, bioqaz qurğularından kənd təsərrüfatında və ya böyük heyvandarlıq fermalarında istifadə səmərəlidir. Artıq bəzi vətəndaşlarımız bu qurğularda peyindən istifadə edərək qaz və gübrə istehsal edir. Bu, tamamilə zərərsiz, faydalı bir texnologiyadır.

Azərbaycan post-petrol erasına indidən hazırlaşmalıdır

Ümumiyyətlə, əksər ekspertlərin fikrincə, Azərbaycan təbii ehtiyatlarına arxayınlaşmayıb alternativ enerji ilə bağlı iri layihələr həyata keçirməlidir. Respublikada bu sahədə ciddi kadr problemi var və onun ən qısa müddət aradan qaldırılması üçün hökumət səviyyəsində tədbirlərin görülməsi zəruridir. Bu sahədə kadrlar yetişdirməli və elmi araşdırmaları dəstəkləməliyik.

Xatırladaq ki, 2010-cu ildə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb.

Agentliyin yaradılmasında məqsəd Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrini istismara cəlb etməklə ölkənin enerji resurslarından istifadənin səmərəliliyini yüksəltməkdir.

Azərbaycan enerji ölkəsidir, bu torpağın altı da, üstü də enerji mənbəyidir. Hər halda, tükənən yeraltı enerjilərimizin əvəzinə tükənməz yerüstü enerji ehtiyatlarımızdan yararlansaq, daha doğru olar. Çünki bu, daha təhlükəsiz, daha sağlam və ən əsası tükənməz enerjidir...

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə