"Bu, enerji siyasətində yeni mərhələ kimi qiymətləndirilməlidir" - ŞƏRH ÖZƏL

"Azərbaycanda həyata keçirilən neft strategiyası yalnız neft sektorunun inkişafı deyil, eyni zamanda qeyri-neft sektorunun maliyyə təminatının gücləndirilməsi, bütövlükdə iqtisadiyyatın dayanıqlı və inkluziv inkişafı üçün zəmin yaradır. Bu baxımdan "Abşeron" yatağının dəniz əməliyyatları təməlinin qoyulması Azərbaycan neft-qaz strategiyasının həyata keçirilməsində önəmli bir hadisə hesab olunur. "Abşeron" yatağının ehtiyatı 360 milyard kubmetr həcmində qiymətləndirilib və həmçinin yataqda 100 milyon ton kondensat var ki, bu da yatağın əhəmiyyətini göstərən əsas faktorlardan biridir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü, iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Deputat bildirib ki, Azərbaycan 1994-cü ildə Əsrin Müqaviləsi imzalandıqdan sonra neft strategiyasının Azərbaycanın mövcüd təbii ehtiyatlarının səmərəli şəkildə hasil edilməsi, daxili və xarici bazara çıxarılması siyasətini davam etdirir: "Bu həm də iqtisadiyyatdakı balansın inkişafının qorunub saxlanması baxımından çox vacibdir. "Abşeron" yatağı həm daxili tələbatın ödənilməsinə böyük töhfə verəcək, eyni zamanda təbii ki, Azərbaycanın ixrac imkanlarının genişləndirilməsinə səbəb olacaq. Azərbaycan Cənub-Qaz dəhlizi vasitəsilə Türkiyə və həmçinin Avropa bazarına öz mavi qazını nəql etmək niyyətindədir. Artıq Türkiyə bazarına mavi qaz ixracatı genişləndirilir. Belə ki, bu, TANAP vasitəsilə Türkiyə bazarına əlavə olaraq illik 7 milyard kubmetrə yaxın mavi qaz nəql edilməsi deməkdir. Eyni zamanda Avropaya Cənub-Qaz dəhlizi və ya TAP kəməri vasitəsilə birinci dəfədə 10, ikinci dəfədə 20 milyard kubmetr, bütövlükdə Cənub-Qaz dəhlizi vasitəsilə isə 31,5 milyard kubmetr mavi qazın ixrac edilməsi nəzərdə tutulub".

V.Bayramov qeyd edib ki, TAP 2021-ci ilin birinci yarımilində istifadəyə veriləcək: "Bu ondan xəbər verir ki, Azərbaycan eyni zamanda etibarlı qaz təchizatçısı olaraq qalmaqdadır və regionun və xüsusilə də Avropa qitəsinin enerji təhlükəsizliyinə xüsusi töhfə verir. Digər mühüm məqamlardan biri Azərbaycan mütəxəssislərinin enerji sektorunda texnologiya istehsalının layihələşdirilməsini həyata keçirməsidir. Bütün bunları nəzərə alaraq əminliklə demək olar ki, Azərbaycanda neft kapitalının insan kapitalına çevrilməsi baş verir. 1994-cü ildə Əsrin Müqaviləsi bağlanan zaman Azərbaycanda konsorsium çərçivəsində neft hasilatına cəlb olunmuş mütəxəssislərin 95 faizindən çoxu əcnəbilər idi. Bu gün isə bu sektorda çalışan mütəxəssislərin 97 faizə yaxını azərbaycanlılardır. Bu isə ondan xəbər verir ki, artıq azərbaycanlı mütəxəssislər yeni və mürəkkəb qurğuların istehsalını həyata keçirir ki, bu da neft strategiyasında və bütövlükdə enerji siyasətində yeni mərhələ kimi qiymətləndirilməlidir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə