Azərbaycan və İran arasında dəniz nəqliyyatı sahəsində əməkdaşlıq müzakirə olunub
İran İslam Respublikasının Limanlar və Dənizçilik Təşkilatı ilə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında videokonfrans formatında görüş keçirilib. SİA-nın məlumatına görə, 14 sentyabr tarixində İran İslam Respublikasının Limanlar və Dənizçilik Təşkilatının tranzit, logistika və müqavilələr baş idarəsinin müdiri Xosrov Sərayinin və Azərbaycan Respublikası Nəqliyyat, rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Dəniz Təhlükəsizliyi şöbəsinin müdiri Vamiq Rəhimovun rəhbərliyi ilə iki qurum arasında videokonfrans formatında görüş keçirilib.
Tərəflər bu görüşdə iki ölkə arasında dəniz nəqliyyatı sahəsində əməkdaşlığın son vəziyyətinə dair məlumatları bölüşüb. Xəzər dənizində limanlar arasında yükdaşımaların həcminin artırılmasının vacibliyinə toxunublar. İclasda həmçinin liman sahəsində bəzi cari məsələlər və dənizçilik sahəsində gələcəkdə əməkdaşlığın inkişafı üçün bəzi sənədlərin hazırlanması məsələləri müzakirə olunub.
İclasın əvvəlində İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi qısa çıxış edərək bildirib ki, Xəzər dənizi sülh, mehriban qonşuluq, dostluq və əməkdaşlıq dənizidir. İran İslam Respublikası və Azərbaycan Respublikası Xəzər dənizinin iki sahil ölkəsi olaraq dini, mədəni və tarixi bağlara malikdirlər. Xəzər dənizi iki ölkə arasında əməkdaşlıq üçün saysız-hesabsız imkanlar və potensiallar təmin edib. Lazımı nəticə əldə etmək üçün iki ölkənin enerji, iqtisadiyyat, dənizçilik, balıqçılıq, turizm, dənizçilik elmləri və ... sahəsində əməkdaşlığı dəfələrlə artmalıdır. İki ölkə əməkdaşlığının və münasibətlərin genişləndirilməsinin mühüm sahələrindən biri limanlar və dəniz daşımaları sahəsidir ki, burada əməkdaşlıq üçün böyük potensial vardır.
Səfirlik bu görüşdə qəbul olunan qərarların icrası üçün bütün imkanlarını səfərbər etməyə hazırdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB