"Yeni iqtisadi idarəetmədə istiqamət və niyyət şübhəsiz ki, doğrudur" ÖZƏL - AÇIQLAMA

"İqtisadiyyatın liberallaşması tamamilə düzgündür. Atılacaq addımların ardıcıllığı və effektivliyi nəticəsində bu işlərə qiymət veriləcək. İstiqamət və niyyət isə şübhəsiz ki, doğrudur". Bu sözləri SİA-ya açıqlamasında iqtisadi məsələlər üzrə ekspert Natiq Cəfərli dövlət müəssisələrinin korporativ idarə edilməsi üzrə Dövlət İnvestisiya Holdinqinin təşkilini və ölkədə yeni iqtisadi idarəetmə modelinin formalaşması istiqamətində fəaliyyəti şərh edərkən deyib.

Onun sözlərinə görə, dövlət şirkətləri müəyyən qədər qeyri-effektiv fəaliyyət göstərdiyindən nəticədə ziyanla çalışırlar və dövlət başçısı Prezident İlham Əliyev haqlı olaraq bununla bağlı öz fikrini bildirdi: "Yəni, ziyanla çalışan dövlət şirkətlərində idarəetmənin təkminləşdirilməsi ilə bağlı addımlar atılmalıdır. Bu addımlar atılmadan dövlət şirkətlərinin bir nöqtədə cəmləşməsi bu Holdinqin ziyanla işləməsinə gətirib çıxara bilər. İlk növbədə dövlət şirkətlərinin iş prinsipi dəyişməlidir. Onlar daha çox kommersiya və biznes məntiqi ilə fəaliyyət göstərməlidirlər. Dövət büdcəsinə arxayın olmamalıdırlar. Şirkətlər dövlət büdcəsinə arxayınlaşdıqda burada biznes məntiqi ilə idarəetmə qurmaq çətindir. Əgər, bu Holdinq özəlləşdirmə ilə bağlı ciddi proqramlar təklif edib, dövlət şirkətlərində idarəetmənin təkminləşdirilməsi ilə bağlı addımlar atsa bu liberal iqtisadiyyatın qurulmasına təkan verəcək. Əgər, dövlətin iqtisadiyyatdakı payı azaldılsa bu zaman büdcənin yükü də müvafiq olaraq azalacaq. Bu da Azərbaycanda yeni iqtisadi modelin, yeni iqtisadi mərhələyə keçid üçün əsas yaradacaq. Ümid edirəm ki, bu yöndə addımlar atılacaq. Çünki, liberal iqtisadi modelin resursları yaranmadan bir qədər dayanıqlı iqtisadiyyata nail olmaq çətindir".

Dövlət İnvestiya Holdinqinin fəaliyyətə başlaması ilə hansı addımlar atıla bilər? - sualına, eskpert belə cavab verib: "Dövlət şirkətləri özəlləşməyə hazır olmalıdır. Bu istiqamətdə ciddi proqramlar qəbul edilməlidir. Məsələn, vergi islahatları, Azərbaycanın böyük beynəlxalq təşkilatlarda üzvlük məsələsi və ayrıca bir neçə məsələ kompleks şəkildə həll olunmalıdır. Eyni zamanda, düşünürəm ki, vergi və gömrük qanunvericiliyinin yenilənməsinə də ehtiyac var. Həmçinin, Azərbaycan, Ümumdünya Ticarət Təşkilatına üzv olsa bu investorlarda müəyyən qədər güvən yaradar. Lakin, digər tərəfdən düşünmürəm mi, bütün dövlət şirkətləri 100 faiz özəlləşdirilməlidir. İstehsal sahəsi təbii ki, dövlətin əlində qalmalıdır. Paylayıcı şirkətlərin və dövlətin əlində xidmət sektorunun özəlləşməsi və yaxud uzunmüddətli şirkətlərə icarəyə verilməsi mütləq gündəmə gəlməlidir. Məncə, bu Holdinqin əsas işi bu atributların tamamlanması üzrə fəaliyyət proqramının qəbul edilməsidir".

Bu hadisə Azərbaycanda iqtisadi idarəetmədə təkamül adlandırıla bilərmi? - sualına cavab olaraq Natiq Cəfərli bildirib ki, niyyət və istiqamət tamamilə doğrudur, lakin nəticə gələcəkdə atılacaq addımlardan asılı olacaq: "İqtisadiyyatın liberallaşması tamamilə düzgündür. Lakin, atılacaq addımların ardıcıllığı və effektivliyi nəticəsində bu işlərə qiymət veriləcək. İstiqamət və niyyət şübhəsiz ki, doğrudur. Həyata keçiriləcək bu addımlara isə daha sonra diqqət ayırılacaq".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...