Türkiyə ilə Azərbaycan arasında qazın alqı-satqısı və tranzitinə dair müzakirələr aparılıb
Türkiyənin İstanbul şəhərində Türkiyə ilə Azərbaycan arasında təbii qazın alqı-satqısı və tranziti ətrafında müzakirələr aparılıb. SİA-nın xəbərinə görə, müzakirələrdə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız iştirak ediblər.
Müzakirələrin yekununa dair mətbuat konfransında Natiq Əliyev bildirib ki, iki ölkə arasında imzalanacaq sənədlər Azərbaycan təbii qazının Avropaya nəqli və Türkiyəyə satışı şərtlərini müəyyən edəcək: "Bu sazişlər iki ölkənin şirkətləri ilə yanaşı, beynəlxalq şirkətlər üçün də vacibdir. Tərəflər bu sənədlər üzərində işi tamamladıqdan sonra imzalanma mərasimi olacaq".
Taner Yldız bildirmişdir ki, görüşdə təbii qaz satışı və tranziti üzrə 5 məsələ müzakirə olunub. "Şahdəniz-2" təbii qazının Avropaya nəqli məsələsində razılaşma əldə edilib. İki ölkə arasında imzalanacaq sazişin tranzit şərtlərinin təkmilləşdirilməsi üçün işlər davam edəcək. İşçi qruplar Nabucco və digər layihələr üzrə Avropaya 10 milyard kubmetr təbii qaz nəqli və 6 milyard kubmetr qazın Türkiyənin daxili tələbatı üçün idxal edilməsinə dair keçən il imzalanmış sənədin davamı olacaq bir saziş üzərində işi davam etdirirlər. Təkcə tranzit məsələləri ilə bağlı sənədlər 130 səhifədən ibarətdir. Bütün bunlar iki həftəyə yekunlaşa bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB