"Vergi güzəştləri biznesin inkişafında əhəmiyyətli rol oynayacaq" Aydın Hüseynov

“Koronavirus pandemiyası ilə əlaqədar hökumətin həyata keçirdiyi dəstək proqramlarından biri ölkədə pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinə vergi güzəştlərinin göstərilməsidir. Bununla bağlı Vergi Məcəlləsində və bir sıra qanunvericilik aktlarında dəyişikliklər mühüm yer tutur”. SİA-nın verdiyi məlumata görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Vergi Məcəlləsində dəyişiklikləri şərh edərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan hökumətinin apardığı məqsədyönlü siyasət və biznes islahatları iqtisadi dayanıqlılılığı və artımı sürətləndirir və büdcədə fiskal yığımların artımını təmin edir. Biznesin əsas sütunu olan sahibkarlığın vergi güzəştləri ilə əhatə olunması pandemiya dövrümdə ölkə iqtisadiyyatının dayanıqlı inkişafını qoruyub saxlamaq və postpandemiya dövrümdə yeni iqtisadi imkanları səfərbər etmək məqsədi daşıyır.

Millət vəkili qeyd edib ki, dəyişikliklər bir neçə istiqaməti əhatə edir: “Birincisi, pandemiyanın bilavasitə təsir etdiyi fəaliyyət sahələri üzrə vergiödəyicilərinə 2021‐ci il yanvarın 1‐dək olan dövr üzrə bir sıra vergi güzəştləri və vergi tətilləridir. Burada əmlak və torpaq vergiləri üzrə tam məbləğdə vergi güzəştlərinin verilməsi, əldə edilən mənfəətin, gəlirin 75 faiz miqdarında vergi güzəşti kimi, fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcələrinin 50 faiz, yəni 14 faizdən 7 faizə endirilməsi, ictimai iaşə və ölkədaxili sərnişindaşıma fəaliyyəti üzrə sadələşdirilmiş vergi məbləğinə 50 faiz güzəştin verilməsi və digər tədbirləri xüsusi qeyd etmək olar. İkinci istiqamət kimi mikrosahibkarlıq subyektlərinə 2020‐ci il yanvarın 1‐dən 2021‐ci il yanvarın 1‐dək sadələşdirilmiş vergi üzrə 50 faiz vergi güzəştinin, yəni 2 faiz dövriyyədən 1 faiz dövriyyəyə endirilməsi, həmçinin vergilərin, cari vergiödəmələrin hesablanması və ödənilməsi üzrə vergi tətillərinin verilməsidir. Üçüncü istiqamət, bütün sahibkarlıq subyektlərinə şamil edilməklə 2021‐ci il yanvarın 1‐dək olan dövr üzrə müxtəlif sahələr üzrə vergi güzəştləridir. Eyni zamanda, bəzi məhsul növlərinin idxalının əlavə dəyər vergisindən müddətli azad edilməsi də bu güzəştlərə daxildir. 2020‐ci il 1 yanvar tarixindən etibarən bir il müddətinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə azadolma tətbiq olunacaq”.

Aydın Hüseynov bildirib ki, vergi sistemində həyata keçirilən əhatəli islahatlar “kölgə iqtisadiyyatının” qarşının alınması” və şəffaflığın təmin edilməsində mühüm rol oynamaqdadır. “Korrupsiya və digər neqativ hallarla mübarizə sahəsində fəaliyyətin gücləndirilməsi sayəsində iqtisadiyyatda şəffaflıq və hesabalılıq artıb, dövlət büdcəsinə vergi və gömrük daxilolmalarının həcmində əhəmiyyətli artımlar baş verməkdədir. 2019-cu ildə dövlət büdcəsinə 1,1 milyard manatdan artıq vəsaitin daxil olmasında şəffaflığın xüsusi rolu olmuşdur. 2020-ci ilin birinci rübündə də vergi və gömrük orqanları proqnoz tapşırığından əlavə büdcəyə 300 milyon manatdan çox vəsait köçürübdür ki, bu da ölkəmizdə aparılan islahatların müsbət nəticələri hesab edilə bilər. Vergi güzəştləri bu istiqamətdə daha da stimulverici rol oynaycaq və biznesin iqtisadi imkanlarının səfərbər olunmasına müsbət təsir göstərəcək”.

A.Hüseynov “Sosial sığorta haqqında“ qanuna dəyişiklikləri də şərh edib. Bildirib ki, bu dəyişikliklər də sahibkarlıq subyektləri, biznes icması və hökumət üzvləri ilə geniş müzakirələr aparıldıqdan sonra müsbət dəyərləndirilib və parlament tərəfindən qəbul edilib. “Sosial sığorta yükünün azaldılması məqsədilə sahibkarlıq fəaliyyəti həyata keçirən şəxslər üzrə sosial sığorta dərəcəsinin azaldılması nəzərdə tutulur. Məlum olduğu kimi hazırda xidmətlərin göstərilməsini və işlərin görülməsini həyata keçirən fərdi sahibkarlar tərəfindən büdcədənkənar dövlət fonduna ödənilən sosial sığortanın dərəcəsi tikinti və ticarət sektorunda minimum əməkhaqqının 50 faizi, digər sahələrdə 25 faizi həddindədir. Pandemiyanın sahibkarlıq subyektlərinin fəaliyyətində yaratdığı çətinliklər nəzərə alınaraq, təqdim olunan qanun layihəsinə əsasən, 1 yanvar 2021ci il tarixədək tikinti sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sosial sığorta yükünün 25 faizə, digər sahibkarlıq subyektlərində isə 15 faizə endirilməsi nəzərdə tutulur. Beləliklə, bu dəyişiklik də sosial vergi yükünün aşağı salınmasına səbəb olacaq. Beləliklə, Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” qanunlara dəyişikliklər koronavirus pandemiyası və iqtisadi aktivliyin aşağı düşməsi nəticəsində sahibkarlıq subyektlərinin üzləşdikləri çətinliklərin azaldılması, onların maliyyə yükünün dövlət dəstəyi nəticəsində minimallaşdırılması istiqamətində əhəmiyyətli rol oynayacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə