Fermerlər 5 milyon manatdan çox güzəştli mikro kredit alıb

Bu il mayın 23-dən iyunun 1-nə qədər Azərbaycanda 512 fermerə 5,2 milyon manat kənd təsərrüfatı təyinatlı güzəştli mikrokredit verilib. Kənd Təsərrüfatı Nazirliyindən SİA-ya verilən məlumata görə ki, bu vəsaitin 4,5 milyon manatı hevvandarlıq, 335 min manatı əkinçilik, 208 min manatı bağçılıq, 102 min manatı isə arıçılıq və digər ailə kəndli-fermer təsərrüfatlarının qurulmasına və inkişafına ayrılıb.

Mikrokreditlər Prezident İlham Əliyevin 8 aprel 2020-ci il tarixli, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) Əsasnaməsində və “Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nda dəyişikliklər edilməsi, “Koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərlə təminatının yaxşılaşdırılması üçün vəsait ayrılması haqqında” sərəncamları əsasında verilir. Sərəncamlara əsasən, AKİA-ya 30 milyon manat vəsait ayrılır və aqrar sahədə mikrokreditlərin verilməsi üçün hüquqi baza yaradılıb, portfel formalaşdırıb. Bu portfelə ölkənin ən böyük holdinqlərindən olan “PAŞA Holdinq” MMC 5 milyon manat vəsait əlavə edib.

“Ötən ay yarım ərzində 512 fermerə 5,2 milyon manat mikrokreditin verilməsi, orta çekin 10 min manat ətrafında olması bizə bir ildən də az zaman ərzində mövcud portfelimizdən 3 500-dən çox fermerin faydalanacağını söyləməyə əsas verir. Mikrokreditləri çıxmaq şərtilə 2018-ci ildən bu il iyunun 1-nə qədər 885 kənd təsərrüfatı məhsulu istehsalçısına güzəştli nağd pul krediti verilib. Bu göstərici mikrokredit mexanizminin daha geniş istehsalçı kütləsini əhatə etməklə kənd təsərrüfatının inkişafında xidmət edəcəyini və daha çox kəndli fermer ailəsinin bu dövlət dəstəyindən faydalanacağını təsdiqləyir”, - deyə AKİA-nın sədri Mirzə Əliyev vurğulayıb.

Qeyd edək ki, aqrar mikrokreditlər 15 min manata qədər, illik 12% olmaq şərtilə, təminatsız və 3 ilə qədər müddətdə verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə