İqtisadi böhranın Azərbaycana yaratdığı imkanlar ÖZƏL - AÇIQLAMA
"Azərbaycan Respublikasının Baş naziri Prezident İlham Əliyevin tapşırığı ilə müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamlarının dəstəklənməsi ilə bağlı tədbirlərin hazırlanması, təqdim olunması və bununla bağlı təkliflər hazırlanmağı tapşırmışdı. Yaxın zamanda göstərilən müddət ərzində bu təkliflər hökumətə təqdim olunacaq və bu sahədə müəyyən işlər görüləcək". Bu sözləri SİA-ya açıqlama fəlsəfə doktoru, iqtisadçı ekspert Emin Əliyev hazırda bütün dünyada və Azərbaycanda hökm sürən iqtisadi böhranın təsirlərinin azaldılması ilə bağlı danışarkən deyib.
O bildirib ki, Azərbaycan bu böhranla iki aspektdən üzləşir. Birincisi karbohidrogen məhsullarının qiymətinin kəskin surətdə aşağı enməsi, ikincisi isə dünyada koronavirus pandemiyasının yayılması ilə bağlıdır:
"Bu neqativ hallar Azərbaycan iqtisadiyyatına biri-biri ilə əlaqəli forma və qrafikdə təsir edir. Karbohidrogen məhsullarının aşağı düşməsinin səbəbi isə hamıya bəllidir. OPEK+ çərçivəsində anlaşmanın iyul ayına qədər uzadılması, hətta martın 18-i keçirilməsi nəzərdə tutulan texniki səviyyədə mütəxəssislərin görüşünün təxirə salınması əsas göstəricilərdir. Bununla yanaşı Səudiyyə Ərəbistanı ilə Rusiya arasında "qiymət müharibəsi" öz əksini verməkdədir. Bütün bunların fonunda Azərbaycanın dünya bazarına çıxardığı "AzeriLight" markalı neftin bir barelinin qiyməti 30 dollar civarındadır.
Digər tərəfdən koronavirus pandemiyasının yayılması Azərbaycanda bir neçə sektora: otelçilik, kafe, restoran və turizm sektorlarına ciddi təsir göstərir. Bununla yanaşı logistika, nəqliyyat sahələrində yaranan boşluqları da nümunə kimi göstərmək olar. Çünki, son zamanlar Azərbaycan logistika sahəsində də formalaşmış bir ölkə kimi göz qabağındadır. Dünyada logistika sahəsinin, nəqliyyat proseslərinin zəifləməsi də Azərbaycanın mövqeyini təsir edir. Böhran özünü əsasən belə göstərir".
Lakin ekspert vurğulayır ki, bütün bunları bir kənara qoyduqda böhranın bizə verdiyi müəyyən imkanları da görmüş oluruq, yəni bu məqamda böhrana ikinci bir tərəfindən də yanaşmaq lazımdır:
"Böhranın neqativ tərəfləri ilə yanaşı eyni zamanda bizə imkanlar da yaradır. Bu imkanlara nəzər salsaq, Azərbaycan hökumətinin əvvəlcədən də müəyyənləşdirdiyi kimi 3 əsas istiqamətə diqqət ayırmalıyıq. İlk növbədə aqrar sektora və bu sektorun inkişafına diqqət ayrılır. Aqrar sektoru qeyri-neft sektoru çərçivəsində ən vacib sahələrdən biridir. Hazırkı vəziyyətdə bu sahənin inkişafı əsasdır. İkinci vacib sahə isə alternativ energetikanın inkişafıdır. Üçüncü istiqamət isə düşünürəm ki, intellektual tutumlu layihələrin və xidmətlərin inkişafıdır. Burada müxtəlif "StartUp"ların, onlayn layihələrin inkişafı nəzərdə tutulur.
Bütün bunlarla əlaqədar Azərbaycan Respublikasının Baş naziri Prezident İlham Əliyevin tapşırığı ilə müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamlarının dəstəklənməsi ilə bağlı tədbirlərin hazırlanması, təqdim olunması və hansı formada dəstək verilə bilərsə bununla bağlı təkliflər hazırlamağı tapşırmışdı. Düşünürəm ki, yaxın zamanda göstərilən müddət ərzində bu təkliflər hökumətə təqdim olunacaq və bu sahədə müəyyən işlər görüləcək. Azərbaycan bu pandemiyadan əziyyət çəkən 145-ə yaxın ölkənin sırasındadır. Digər ölkələrə nəzər salsaq özəl sektora kifayət qədər ciddi maddi yardım paketlərinin ayrıldığını görərik. Azərbaycan da həmçnini bu ölkələrdən kənarda qalmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB