Vüqar Bayramov: "İtaliya-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyur" ÖZƏL-MÜNASİBƏT

"İtaliya Azərbaycan üçün vacib tərəfdaşlardan biridir". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, nəzərə alsaq ki, İtaliya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 6 milyard dollardan çoxdur, bu ümumi ticarət dövriyyəsinin beşdə biri deməkdir: “Azərbaycan xüsusən də enerji məhsullarını Avropa bazarına İtaliya vasitəsilə ixrac edir. Bu baxımdan təbii ki, Azərbaycanla Avropa Birliyi arasındakı ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi İtaliyanın payına düşür. Nəzərə alsaq ki, əvvəlki dövrlərdə və hazırda da İtaliya xam neft ixrac edir və eyni zamanda növbəti illərdə də İtaliya Azərbaycan arasındakı ticarət dövriyyəsinin daha da artacağı proqnozlaşır. Çünki, Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycan İtaliya bazarına mavi qaz nəql edəcək. Beləki, TAP layihəsi vasitəsilə Avropaya birinci mərhələdə 10 milyard kubmetr, ikinci mərhələdə 20 milyard kubmetr mavi qaz nəql ediləcək. Nəql ediləcək mavi qazın əhəmiyyətli hissəsi məhz İtaliya bazarına ixrac ediləcək ki, bu da təbii ki, İtaliya və Azərbaycan arasında iqtisadi münasibətlərin növbəti dövrdə də inkişaf edəcəyindən xəbər verir".

İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, cənab Prezidentin İtaliyaya səfəri iki ölkə arasındakı münasibətlərin inkişafı baxımından və strateji əməkdaşlığın gücləndirilməsi baxımından kifayət qədər əhəmiyyətlidir: "Nəzərə alsaq ki, ölkə Prezidenti İtaliyada səfərində həm görüşlərdə Azərbaycanda aparılan islahatlar, Azərbaycanın iqtisadi potensialı ilə bağlı öz fikirlərini bölüşür və eyni zamanda təbii ki, bu səfər İtaliyadan Azərbaycana xarici investisiyanın cəlb edilməsi üçün də bir baza formalaşdırır. Bu baxımdan gözlənilir ki, Azərbaycan Prezidentinin İtaliyaya səfərindən sonra Azərbaycanla İtaliya arasında qeyri-neft sektorunda əməkdaşlığın güclənməsi müşahidə olunacaq. Beləki, iki ölkə arasında enerji sektorunda strateji əməkdaşlıq var, amma bu səfər eyni zamanda qeyri-neft sektorunda əməkdaşlığın gücləndirilməsi üçün inkanlar yarada bilər ki, bu həm də Azərbaycan sahibkarlarının İtaliya bazarına daha çox qeyri-neft məhsulları ixrac etməsi baxımından vacibdir. Eyni zamanda İtaliya investisiyasının Azərbaycanın qeyri-neft sektoruna cəlb edilməsinə təkan verəcək. O baxımdan Azərbaycan Prezidentinin İtaliyaya səfəri iki ölkə arasındakı əməkdaşlıqda yeni bir mərhələnin əsasını qoyacaq. Bu, imkan verəcək ki, Azərbaycan qeyri-neft sektoruna cəlb edilən investisiyaların strukturunda İtaliya sərmayəsinin payını artıra bilsin. İtaliya Azərbaycan qeyri-neft məhsullarının ixracatı baxımından cəlbedici bazarlardan birinə çevrilsin. O baxımdan təbii ki, son səfər ondan xəbər verir ki, İtaliya Azərbaycan münasibətləri artıq yeni mərhələyə qədəm qoyur”.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə