Azərbaycan ərazi və əhali olaraq Gürcüstandan daha yüksək səviyyədədir. Buna görə də investorları daha yaxşı cəlb etmək olar. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Natiq Cəfərli ölkədə ötən illərə nisbətən artan investisiya qoyuluşunu şərh edərkən deyib.
O, son illərdə Azərbaycanda müşahidə olunan investisiya artımının səbəblərini sadalayıb: "Bu prosesə təkan verən başlıca 2 səbəbi misal göstərmək olar. "Cənub Axını" layihəsilə bağlı son tamamlanma işləri görülürdü. Həm boru xətlərinin, həm də platformaların tamamlanması işləri başa çatmalı idi ki, bu ildən TANAP və TAP layihələri üzrə qaz hasilatı və qazın nəql olunması fasiləsiz şəkildə həyata keçsin. Ötən il Azərbaycanda investisiya artımı əsas bununla əlaqadar idi. İkincisi isə büdcə xərcləri ilə bağlıdır. Büdcədən təqribən 7 milyarda yaxın investisiya xərcləri, həm əsas vəsaitlər, həm də dövlət layihələrinə investisiya xərcləri qoyulmuşdu. Əsas investisiya artımı bu iki amillə bağlıdır".

İqtisadçı bildirib ki, Azərbaycana birbaşa xarici investisiyalar və birbaşa kredit investisiyaları cəlb etməliyik. O vurğulayıb ki, bu məsələ Prezidentin yanındakı müşavirədə də dəfələrlə qaldırılıb.
İqtisadçı "Azərbaycana necə daha çox investor cəlb etmək olar?", sualına belə cavab verib: "Azərbaycanda hələ ki, investisiya layihələrində əsas rolu enerji sektoru və dövlətdən, büdcədən ayrılan vəsaitlər oynayır. Özəl sektorun investisiyaya marağı təəssüf ki, hələ istənilən səviyyədə deyil. Ölkəyə investisiya cəlb olunması üçün bəzi hüquqi məsələlərin həllinə ehtiyac var. İlk növbədə Ümumdünya Ticarət Təşkilatına üzv olmağımız bu yolda uğurlu bir addım olardı. Xarici investorların əsas istəklərindən biri Azərbaycanın bu təşkilata üzv olmasıdır. Həmin təşkilat çərçivəsində qaydalara uyğun olaraq öz qanunvericiliyini tənzimlənməsidir".

Ümumdünya Ticarət Təşkilatına üzv dövlətlər tünd yaşıl rənglə verilmişdir.
Natiq Cəfərli bildirib ki, əslində Azərbaycan investorları cəlb edə bilmək üçün bir çox imkana sahibdir və əslində investorların bizə marağı daha böyükdür: "Qanunvericilikdə vergi və gömrük rüsumları ilə bağlı investorlara yönəlik təşviq proqramları olmalıdır. Bu sahədə rəqiblərimiz çox təəssüf ki, qonşularımızdır. Gürcüstanın və Türkiyənin bu sahədə çox böyük təcrübəsi var. Gürcüstan investorları cəlb etmək üçün kifayət qədər cəlbedici vergi mühiti və gömrük mühiti yaradıb. Bu da investorların Gürcüstana marağının artmasına səbəb olur. Gürcüstanı qabaqlamaq üçün onlardan daha yaxşı və cəlbedici təkliflərlə çıxış etməliyik. Çünki, əslində investorların bizə marağı daha böyükdür.
Azərbaycan ərazi və əhali olaraq Gürcüstandan daha yüksək səviyyədədir. Həm də insanlarımız daha çalışqandır. İnvestorların marağı var. Azərbaycan çoğrafi cəhətdən çox uğurlu bir yerdə yerləşir. Azərbaycanda cənubda, şimalda və şərqdə yeni logistik layihələr həyata keçirilir. Buna görə də investorları daha asan cəlb etmək olar".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB