Azərbaycan-Hindistan işgüzar görüşü keçirilib

Azərbaycan-Hindistan işgüzar görüşü keçirilib

Bu gün Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Hindistanın Ticarət və Sənaye Palataları Federasiyasının təşkilatçılığı ilə Azərbaycan və Hindistanın iş adamları arasında işgüzar görüş keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan və Hindistan tərəfdən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı və qida sənayesi, səhiyyə və əczaçılıq, tikinti, kimya sənayesi, tekstil, mühəndislik və digər sahələrdə fəaliyyət göstərən 50-yə yaxın iş adamı iştirak edib.

Tədbir iştirakçıları ilk olaraq Azərbaycanın sosial-iqtisadi inkişafını əks etdirən sərgi ilə tanış olublar. Hindistanlı qonaqlara Azərbaycanın iqtisadi uğurları barədə geniş məlumat verilib. Sərgi, eləcə də bura da nümayiş olunan ölkə təqdimatı, interaktiv məlumat lövhəsi, Azərbaycan məhsullarının elektron kataloqu, ölkəmizin investisiya mühiti və biznes imkanlarına həsr olunmuş xüsusi məlumat toplusu qonaqlar tərəfindən maraqla qarşılanıb.

Tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyi Aparatının rəhbəri Samir Vəliyev Azərbaycan iqtisadiyyatında qazanılan nailiyyətlər, eləcə də iki ölkə arasında mövcud iqtisadi əlaqələr barədə məlumat verilib. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti Adil Məmmədov Azərbaycanın biznes və investisiya mühiti haqqında təqdimatla çıxış edib.

Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Debnat Şau və Hindistanın Ticarət və Sənayə Palataları Federasiyası baş katibinin müavini Şeyla Sudhakaran iş adamları arasında əməkdaşlığın inkişaf etdiyini qeyd ediblər. Vurğulanıb ki, biznes forumların və müxtəlif tədbirlərin keçirilməsi iki ölkə arasında əlaqələrin daha da intensivləşməsinə töhfə verə bilər.

İşgüzar görüş iş adamları arasında ikitərəfli görüşlərlə davam edib. İkitərəfli görüşlərdə iş adamları arasında iqtisadi əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə