Fermerlərə subsidiyalar hansı formada veriləcək?

Aqrar Subsidiya Şurası Prezident İlham Əliyevin "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"nın 2.4-cü bəndinə müvafiq olaraq, 2020-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib. Nəticədə, bitkiçilik sahəsində tətbiq edilən subsidiyalar əkin, məhsul və toxum üzrə olmaqla, yenilənəcək.

Bu yenilik fermerlərin daha çox subsidiya almalarına səbəb olacaq. Bu baxımdan, növbəti ilin dövlət büdcəsindən sözügedən istiqamət üzrə cari ildəkindən daha çox vəsaitin yönəldilməsinə ehtiyac yaranacaq. Bildirilir ki, gələn il bu sahəyə dövlət büdcəsindən 432 milyon manatın xərclənəcəyi proqnozlaşdırılır ki, bu da, 2019-cu il üzrə nəzərdə tutulandan cəmi 9 milyon manat və ya 2 faiz çoxdur. Bir sözlə, hesab edilir ki, ayrılacaq vəsait yetərli olmayacaq.

İlk növbədə, onu bildirək ki, bitkiçilik sahəsində subsidiyaların hesablanması şura tərəfindən təsdiq edilən əmsalın baza məbləğinə (200 manata) vurulması ilə aparılacaq.

İllik subsidiya üçün ən yüksək əkin əmsalı zəfəran bitkisi, bağın salındığı ildən ilk 4 il ərzində intensiv qərzəkli meyvə bağları (2 əmsal və ya 1 hektar üçün 400 manat), bağın salındığı ildən ilk 4 ildə üzüm (3 əmsal və ya 1 hektar üçün 600 manat), plantasiyanın salındığı ildən ilk 7 ildə çay (3,5 əmsal və ya 1 hektar üçün 700 manat ) və qərzəklilər istisna olunmaqla, intensiv meyvə bağlarına (4 əmsal, yəni 1 hektarı üçün 800 manat) tətbiq ediləcək. Yerfındığı, qarabaşaq 0,9, buğda, günəbaxan, giləmeyvəlilər 1, bostan bitkiləri, pambıq 1,1, kartof, tərəvəz, bağın salınmasından 4 ildən sonrakı üzüm, plantasiyanın salınmasından 7 il sonrakı çay, qərzəkli də daxil olmaqla, salınmasından 4 il sonrakı intensiv meyvə bağları 1,2, çəltik, tütün və şəkər çuğunduru 1,4 əmsalla qiymətləndiriləcək. Ancaq bəzi bitkilər üzrə subsidiyanın verilməsi üçün əkin əmsalı şərt olmayacaq. Məsələn, çəltik, pambıq, tütün, fındıq, çay üçün nəzərdə tutulan subsidiyalar ancaq ixtisaslaşmış regionlara şamil ediləcək. Bununla da, Aqrar Subsidiya Şurasının qərarına görə, çəltik üzrə əkin əmsalı Ağdaş, Ağsu, Astara, Biləsuvar, Göyçay, Lənkəran, Masallı, Salyan, Samux, Ucar, Yevlax, Şəki və Zərdab rayonlarına, pambıq üzrə əkin əmsalı Ağcabədi, Ağdam, Ağdaş, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Goranboy, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Samux, Tərtər, Ucar, Yevlax və Zərdab rayonlarına, tütün üzrə əkin əmsalı Ağstafa, Balakən, Gədəbəy, Goranboy, İsmayıllı, Lerik, Masallı, Oğuz, Qax, Qazax, Qəbələ, Şəki, Tovuz, Yardımlı və Zaqatala rayonlarına, fındıq üzrə əkin əmsalı Ağstafa, Balakən, Zaqatala, Xaçmaz, Qax, Qəbələ, Quba, Şəki, Oğuz, Qusar, Qazax, Şabran və İsmayıllı rayonlarına, çay üzrə əkin əmsalı Astara, Lənkəran, Masallı və Zaqatala rayonlarına aid ediləcək, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunacaq.

Üzüm və intensiv meyvə bağları üzrə subsidiyalar 2019-cu ildən başlayaraq, salınmış bağlara şamil ediləcək. Digər meyvə bağlarına görə əkin subsidiyası 1,2 əmsalı üzrə veriləcək. Subsidiya veriləcək digər meyvə bağlarında 1 hektara əkilmiş tinglərin minimum sayının 90 ədəd olması şərti müəyyənləşib. Dolayısıyla fermerlərə indiyədək verilən yanacaq və motor yağlarına, buğda və çəltik əkininə, təkrar əkinlərə görə və mineral gübrələrin, biohumusun və pestisidlərin güzəştli qiymətə alınması ilə bağlı birbaşa və dolayı subsidiyaların birləşdirilərək, becərilən sahənin hər hektarına olmaqla, əkin subsidiyası formasında verilməsi nəzərdə tutulub.

Subsidiyalar fermerlərə nağdsız şəkildə, yəni kartlar vasitəsilə veriləcək. Fermerlər bu kartın balansında olan məbləğin yalnız 25 faizini nağd, qalan 75 faizini isə nağdsız şəkildə istifadə edə biləcəklər. Subsidiya vəsaitlərin fermerlərin bank kartlarına (fermer kartı) köçürüləcək.

Ölkə başçısının Fərmanına əsasən, 50 hektardan yuxarı sahəsi olan kənd təsərrüfatı kooperativlərinə verilən əkin subsidiyasının miqdarı 10 faiz artıq olacaq. Heyvandarlıq sahəsinə gəlincə, burada subsidiyaların verilməsinə əvvəlki məbləğ və qaydada davam etdiriləcək.

Belə görünür ki, sözügedən yenilik bu sahədə neqativ halların, eyni zamanda, bu istiqamətdə daha çox dövlət vəsaitinin xərclənməsinin qarşısını almaqla, subsidiyaların təyinatı üzrə səmərəli istifadəsinə imkan yaradacaq. Söhbət ondan gedir ki, baza məbləğində fərqli əmsalların tətbiqi tələbata uyğun bitkilərin düzgün ərazilərdə becərilməsi və bu istiqamətdə fermerlərin fəaliyyətinin stimullaşdırılması məqsədi daşıyır. Bununla da, əkin subsidiyaları üzrə əmsalların kənd təsərrüfatının prioritetləri üzrə müəyyən edilməsi, həmçinin, fermerə subsidiyanın 75 faizindən yalnız nağdsız formada yararlanmaq imkanının verilməsi bu sahədə sui-istifadə hallarının qarşısını almış olacaq. Nəticə etibarilə, yeni mexanizm fermerlərin daha çox subsidiya almalarına deyil, səmərəliliyin artırılmasına hesablanıb.

"Səs" analitik Qrupu

Bütün xəbərlər Facebook səhifəmizdə