Energetika Nazirliyində “Beynəlxalq Sülh Günü” ilə bağlı tədbir keçirilib

Energetika Nazirliyində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələrinin iştirakı ilə “21 sentyabr-Beynəlxalq Sülh Günü”nə həsr edilmiş “Sülh naminə beynəlxalq enerji əməkdaşlığı” mövzusunda dəyirmi masa keçirilib.

Nazirlikdən SİA-ya verilən məlumata görə, tədbirdə nazirliyin İnsan resursları və dövlət qulluğu şöbəsinin müdiri Əsəd İsmayılov və Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov çıxış edərək, “Beynəlxalq Sülh Günü”nün yaranma tarixi, bu günün qeyd edilməsinin əhəmiyyəti barədə məlumat veriblər. Bildirilib ki, İnsan Hüquqları üzrə Müvəkkil (Ombusman) Elmira Süleymanovanın təşəbbüsü ilə 21 avqust-21 sentyabr tarixləri arasında “Sülh aylığı” keçirilir və məqsəd insan hüquqlarının qorunması, müharibələrin, qeyri-zorakılıq hallarının qarşısının alınması, azadlığın və sülhün təmin olunmasına yönələn maarifləndirici tədbirlərin keçirilməsidir.

Tədbirdə Azərbaycanın enerji siyasətindən bəhs edən “Sülh naminə beynəlxalq enerji əməkdaşlığı”na dair təqdimat dinlənilib. Azərbaycanın neft və təbii qaz tarixi, neftçıxarma sahəsinə xarici sərmayə axını, neft və qaz hasilatı, Azərbaycan neftinin və qazının dünya bazarına sərbəst və sürətlə çıxışını təmin edən neft-qaz ixrac boru kəmərləri barədə ətraflı məlumat verilib, dünyada sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində ölkəmizin bir sıra enerji layihələri üçün tranzit olaraq əhəmiyyətindən danışılıb.

Sonda Azərbaycanın xarici dövlətlər və iri beynəlxalq şirkətlərlə əməkdaşlığı çərçivəsində reallaşan Cənub Qaz Dəhlizi layihəsinin Avropanın enerji təhlükəsizliyinin, eləcə də regionda sülhün təmin olunmasında mühüm rolundan bəhs edilib və Cənub Qaz Dəhlizi layihəsinə həsr edilmiş video çarx izlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə