Prezident İlham Əliyev: "Dövlət sahibkarlar üçün ən yaxşı tərəfdaşdır"
Son illərdə Azərbaycanda müşahidə olunan yüksəliş və tərəqqi, iqtisadiyyatın sürətli artım tempi respublikada həyata keçirilən uğurlu islahatların nəticəsi olmaqla yanaşı, həm də sahibkarlığa göstərilən yüksək diqqət və qayğının təzahürüdür. Xüsusi olaraq, vurğulamaq lazımdır ki, ölkədə sahibkarlığın daha da inkişafı üçün biznes mühitinin daim yaxşılaşdırılması, müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir. Eyni zamanda, sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsi, sahibkarlara dəstək tədbirlərinin səmərəsinin yüksəldilməsi bu sahədə mühüm nailiyyətlərin əldə edilməsinə səbəb olub.
Dövlət sahibkarlar üçün ən yaxşı tərəfdaşdır
Sahibkarlara böyük dəstək olacaq, yeni agentliyinin yaradılması deyilənlərin bir daha real göstəricisidir. "Dövlət sahibkarlar üçün ən yaxşı tərəfdaşdır" deyən Azərbaycan Prezidenti hələ bir neçə il öncə, hər bir sahə üzrə konkret proqramları, planların və böyük maliyyə resurslarının olduğunu söyləyəndə, məhz belə layihələri nəzərdə tuturdu. Və bu gün Prezident İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayaraq, qurumun nizamnaməsi və strukturunu təsdiqlədi.
Düzdür, hazırda Azərbaycanda müxtəlif dövlət orqanları öz səlahiyyətləri çərçivəsində kiçik və orta sahibkarlıq subyektlərinə müxtəlif xidmətlər (o cümlədən, məsləhət xidməti, satış və digər istiqamətlər üzrə dəstək) göstərirlər. Bununla belə, beynəlxalq təcrübəyə əsasən, kiçik və orta sahibkarlıq subyektlərinə belə xidmətlərin vahid mərkəzdən göstərilməsi onların həmin xidmətlərdən daha səmərəli istifadəsinə və beləliklə, inkişafına yaxşı imkan yaradır. Buna görə də, KOB İnkişafı Agentliyinin yaradılması mühüm əhəmiyyət kəsb edir. Agentliyin əsas məqsədi kiçik və orta sahibkarların dostuna çevrilməsi və eyni zamanda, sahibkarlığın hüquqi təminatının gücləndirilməsi, regionlarda sahibkarlığın inkişafına əlverişli şərait yaradılması əsasında dayanıqlı inkişafın təmin edilməsidir.
Son 16 ildə sahibkarlığın inkişafında əldə olunan nailiyyətlər
Məhz son 16 ildə ölkə Prezidenti İlham Əliyevin qeyri-neft sektorunun, sahibkarlığın inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər ardıcıllığı, səmərəliliyi və sistemliliyi ilə diqqəti cəlb edir. Məhz dövlət-sahibkarlıq münasibətlərini uğurlu nəticəsidir ki, Azərbaycan 10 ən islahatçı ölkə kimi tanınır. Prezident İlham Əliyev çıxışlarında da bu məsələyə xüsusi önəm verdiyini, nəticədə, yüksək nəticə əldə olunuduğunu bildirib: "Biznes mühitinin yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılıb. Dünya Bankının "Doing Business" proqramı çərçivəsində Azərbaycan 10 ən islahatçı ölkə kimi tanınır və biz 32 pillə irəliləmişik və hazırda 25-ci yerdəyik. Əlbəttə ki, bu, Azərbaycana investisiyaların cəlb edilməsi üçün müsbət rol oynayır və oynayacaq. Bütün xarici beynəlxalq maliyyə qurumları bu sahədəki fəaliyyətimizi yüksək qiymətləndirir... Güzəştli şərtlərlə verilən kreditlərin həcmi bu il 170 milyon manat səviyyəsindədir".
Həyata keçirilən islahatlar və sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının inkişafına mühüm töhfə verir. Bunun nəticəsidir ki, cari ilin 6 ayında ölkə iqtisadiyyatı 2,4, qeyri-neft sektoru 3,2 faiz artıb. Ən böyük uğurlar qeyri-neft sektorunda xüsusi çəkisi olan qeyri-neft sənayesindədir. Burada artım 15,7 faizə yüksəlib. Digər rekorda isə kənd təsərrüfatında nail olunub. Belə ki, ilin birinci yarısında kənd təsərrüfatında 13 faiz artım müşahidə edilib. Bitkiçilikdə isə, bu rəqəm 25 faizdir. Bunun sayəsində qeyri-neft ixracımız da artaraq, 15 faizə yüksəlib.
Təkcə keçən il müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 617,8 milyon manat olan 999 investisiya layihəsinin maliyyələşdirilməsinə 160,2 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə, investisiya layihələrinin reallaşdırılması 9000-dək yeni iş yerinin açılmasına imkan yaradır. Kreditlərin 64,3 faizinin regionların, 35,7 faizinin isə Bakının qəsəbələrinin payına düşüb. Güzəştli kreditlərin 70,3 faizi aqrar sektorun, 29,7 faizi müxtəlif sənaye məhsullarının istehsalı və emalı sahələrinin inkişafına yönəldilib. 2018-ci ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilən 35 istehsal, emal və infrastruktur müəssisəsi fəaliyyətə başlayıb. Bir faktı da, qeyd etmək yerinə düşər ki, indiyədək layihələrinin ümumi dəyəri 5 milyard manatdan çox olan 36 minədək sahibkara 2,3 milyard manat güzəştli kredit verilib.
Sahibkarlığın inkişafının dəstəklənməsi üçün müxtəlif mexanizmlərdən istifadə olunur ki, onlardan biri də investisiya təşviqi sənədidir. Belə ki, bu vaxtadək sahibkarlara investisiya dəyəri 2,8 milyard manatdan çox olan layihələr üzrə 333 investisiya təşviqi sənədi və bu investisiya təşviqi sənədləri əsasında 2188 təsdiqedici sənəd verilib. Həmin layihələrin 41 faizi kənd təsərrüfatı, 59 faizi isə sənaye sahələrini əhatə edir. Bu layihələrin reallaşması nəticəsində, 22 minədək iş yerinin açılacağı gözlənilir.
Eyni zamanda, təkcə keçən il sahibkarlara investisiya dəyəri 801 milyon manat olan layihələr üzrə 107 investisiya təşviqi sənədi və bu investisiya təşviqi sənədləri əsasında 1058 təsdiqedici sənəd təqdim edilib.
Azərbaycan müasir sənaye mərkəzinə çevrilib
Ölkənin sənaye potensialının inkişafı üçün, əlbəttə, sənaye zonalarının, sənaye parklarının rolu böyükdür. Məhz sənaye sahəsində həyata keçirilən uğurlu işlərin nəticəsidir ki, bu gün Azərbaycan müasir sənaye mərkəzinə çevrilib. Sənaye sahəsində əsas diqqət qeyri-neft sektoruna yönəlib. Təkcə ötən il qeyri-neft sənayesi 9,1 faiz artıb. Bu sahədə görülən işlərin məqsədi isə, ölkənin qeyri-neft sektorunun inkişafını təmin etmək, qeyri-neft ixracının həcmini artırmaqdır.
Sumqayıt Kimya Sənaye Parkı, Sumqayıt Texnologiya Parkı, Mingəçevir Yüngül Sənaye Parkı, Gəncə şəhərində sənaye müəssisələrinin, Neftçala, Hacıqabul, Masallı, Sabirabad sənaye məhəllələrinin yaradılması bu sahədə atılan mühüm addımlardır. Hazırda sənaye parklarında 67 rezident var və onlardan 40-ı artıq fəaliyyətdədir. Sənaye parklarında həyata keçirilən layihələrə nəzərdə tutulan sərmayə isə, 5 milyard manatdan çoxdur. Həmin layihələr nəticəsində 11 min yeni iş yeri yaradılıb. Bu il digər şəhərlərdə də sənaye zonalarının yaradılması planlaşdırılır.
Təkcə ötən il dövlət dəstəyi hesabına xarici ölkələrə 11 ixrac missiyası həyata keçirilib, Azərbaycan şirkətləri xarici ölkələrdə təşkil olunmuş 11 beynəlxalq sərgidə vahid ölkə stendi ilə iştirak edib. Belə ki, ABŞ, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Çexiya, Qətər və digər ölkələrə Azərbaycan istehsalı olan meyvə-tərəvəz, nar şirəsi, şərab, ət məhsulları, quru süd, fındıq, qənnadı məhsulları, bal, çay, həmçinin, Naftalan nefti, tikinti materialları, mebel və digər məhsulların ixracına dair 50-dən çox müqavilə imzalanıb və razılaşma əldə olunub. Görülmüş tədbirlər nəticəsində, 2018-ci ildə xarici ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərin sayı 56,2 faiz artıb. Ötən il Azərbaycandan 3088 çeşiddə məhsul ixrac edilib.
Vüqar Bayramov: "Həyata keçirilən sistemli təşviq tədbirləri sahibkarlığın inkişafına dəstək verir"
İqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, ölkəmizdə sahibkarların internet resurslarına çıxışının genişləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması istiqamətində son illər dərinləşdirilmiş islahatlar aparılır. Sahibkarlar həm birbaşa, həm də dolayı yolla güzəşt və təşviq proqramlarından istifadə etmək imkanına malikdirlər. Onların güzəştli kreditlərə çıxış imkanları var, bu da, sahibkarların kredit resurslarına olan tələbatının ödənilməsi baxımından çox vacibdir. Bu da onlara imkan verir ki, həmin kreditlərdən faydalanaraq, öz biznesini qura və genişləndirə bilsinlər: "Güzəştli kreditlərin həcmi mütəmadi çoxalır və Sahibkarlığın İnkişafı Fondu tərəfindən ayrılan vəsaitin həcmində də hər il artım müşahidə olunur. Sahibkarların güzəştli kreditlə yanaşı, həm də təşviq sənədlərindən istifadə imkanı var. Son dövrlər dövlət tərəfindən sahibkarlara 300-dən çox investisiya təşviqi sənədi verilib. Bu sənədi almış sahibkarlar çox fərqli güzəştlərdən faydalanırlar. Onlar həm gəlir və mənfəət vergisindən 50 faiz, həm də digər vergi güzəştləri tətbiq edilir və ölkəyə texnologiya idxal edən zaman əlavə dəyər vergisindən azad olunurlar. Güzəştlərin tətbiqi imkan verir ki, sahibkarlar vergi formasında ödəniləcək vəsaitləri öz sərəncamlarında saxlasınlar. Bu da, onlar üçün əlavə dövlət dəstəyi kimi xarakterizə olunmalıdır".
Bir sözlə, bütün bu nailiyyətlər, onu deməyə əsas verir ki, Azərbaycanda sahibkarların, iş adamlarının etibarlı himayədarına çevrilmiş Cənab İlham Əliyevin reallaşdırdığı məqsədyönlü siyasət hesabına özəl sektor yeni inkişaf dönəminə qədəm qoymaqla, sahibkarlığın inkişafına diqqət daha da artırılıbdır. Məhz elə buna görədir ki, qeyri-neft sektorunun inkişafı üçün həyata keçirilən iqtisadi strategiya uğurla davam etdirilir.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB