Ölkə iqtisadiyyatında inkişafın yeni mərhələsi - son 6 ay - ARAŞDIRMA

Ölkə iqtisadiyyatında inkişafın yeni mərhələsi - son 6 ay - ARAŞDIRMA

2019-cu ilin 6 ayını arxada qoyduq. Bu müddətə nəzər saldıqda cari ilin əvvəlindən ölkəmizin həyatında mühüm hadisələrin, Azərbaycanın inkişafına, insanlarımızın həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edən müsbət hadisələr baş verdiyini görməmək mümkün deyil. Azərbaycan Cənubi Qafqazda sabitlik, əmin-amanlıq adası olmaqla bu ilin 6 ayında da ölkəmizin multikulturalizm və tolerantlıq ənənələrini yaşadan, beynəlxalq miqyaslı tədbirlərə ən yüksək səviyyədə ev sahibliyi edən ölkə kimi nüfuzu daha da artıb, siyasi baxımdan dünya dövlətləri, beynəlxalq təşkilatlarla münasibətləri bir qədər də yaxşılaşıb.

Bütün bunlar əlbəttə ki, Azərbaycanın cari ilin 6 ayında beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmlənməsinə xidmət edib. Əldə edilən hər bir uğurun arxasında güclü iqtisadiyyata malik olduğumuzu da unutmamalıyıq. Bu baxımdan əminliklə deyə bilərik ki, cari ilin 6 ayı ölkəmiz üçün iqtisadi göstəricilərinə görə də uğurlu il olub.

Azərbaycan iqtisadiyyatının son 6 ayda əldə etdikləri...

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili saytımıza açıqlamasında bildirib ki, 2019-cu ilin 6 ayına nəzər yetirdikdə ilin əvvəlindən Vergi Məcəllərinə edilmiş dəyişikliklər və vergi orqanlarının yeni yanaşma metodlarının müsbət nəticələr verdiyini görmək mümkündür: “Yanvarın 1-dən qeyri-dövlət və qeyri-neft-qaz sahəsində çalışan insanların əməkhaqqından tutulan vergi dərəcəsinin 0 faizə endirilməsi öz nəticəsini verir. Ötən il 90 min əmək müqaviləsi bağlandığı halda, bu ilin təkcə ilk rübündə bu say 66 mindən çox olub. Bundan başqa cari ildə sahibkarlıq sahəsində yoxlamaların dayandırılması ilə bağlı qanunvericilik aktının 2021-ci ilədək uzadılması də mühüm addımdır. Görülən tədbirlər, xüsusilə sahibkarlıq sahəsində yoxlamaların yumşaldılması “Doing Business” reytinqində Azərbaycanın birdən-birə 32 pillə irəliləməsinə şərait yaradıb”.

Vergi islahatları xüsusi yer tutur

Vergi Məcəlləsinə dəyişikliklərin iqtisadi rəqəmlərə müsbət təsir göstərdiyini dilə gətirən komitə üzvü vurğulayıb ki, dəyişikliklərin müsbət nəticələri özünü əsasən əmək müqavilələrinin rəsmiləşdirilməsi, vergidən yayınma hallarının azalması, vergiyə cəlb olunan dövriyyənin artması istiqamətində göstərib: “Əməkhaqqının leqallaşdırılması istiqamətində verginin 0 faizə endirilməsi də öz bəhrəsini verir. Təcrübələr göstərir ki, qeyri-leqal, yəni “kölgə iqtisadiyyatı”nda çalışan sahibkarların fəaliyyət müddəti bir ildən çox olmur. Məcəlləyə dəyişikliklər nəticəsində sahibkarların daha çox leqal işləməsi biznesdə bərabər şəraitin yaradılmasına və haqlı rəqabətə gətirib çıxarır. Sahibkarlara güzəştli kreditlərin, investisiya təşviqi sənədinin verilməsi, kimya-sənaye və qeyri-kimya parklarında iştirakla bağlı vergi güzəştlərixarici investorları növbəti mərhələdə daha çox investisiya yatırmağa cəlb etmək üçün mühüm addımlardır. Bu gün Azərbaycanda 700 minə yaxın sahibkar mövcuddur və bu say ilbəil artır. Məşğul əhalinin muzdlu hissəsini çıxsaq, hər 3 nəfərdən biri sahibkarlıq subyektinə sahibdir. Bu, kifayət qədər böyük göstəricidir. Azərbaycanda ümumi daxili məhsulun 83 faizindən çoxunun özəl sektordan əldə olunması bu sahədə görülən işlərin nəticəsidir. Eyni statistikanı vergi üzrə də görə bilərik. Bütün bunlar göstərir ki, dövlətin stimullaşdırma tədbirləri sahibkarlar üçün maraqlıdır və bunun sayəsində onların əldə etdikləri fayda xərclərindən daha çoxdur”.

Ölkə iqtisadiyyatında inkişafın Yeni Mərhələsi

T. Mirkişili qeyd edib ki, cari ilin 6 ayına ümumi nəzərə salsaq, bütövlükdə, ölkə iqtisadiyyatında inkişafın yeni mərhələsinin başladığını söyləyə bilərik: “Bu faktor əhalinin rihaf halının yüksəlməsində də özünü ifadə edir. İqtisadi inkişafın məqsədi insanların daha yaxşı yaşamasını təmin etməkdir. Əhaliyə bütün sahələrdə göstərilən xidmətlərin mənbəyində iqtisadiyyatın inkişafı dayanır. İqtisadiyyat inkişaf etməzsə, dövlət varlı olmazsa və gəlir mənbələri olmazsa, bu xidmətlərin təmin edilməsi kifayət qədər çətin olardı. Ona görə də iqtisadiyyatın inkişafı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sürətli islahatlar Azərbaycanda əldə olunan yeni və əlavə gəlirlərin daha çox vətəndaşa istiqamətlənməsini təmin edir. Biz bunu müşahidə edirik. Bu il ümumi daxili məhsul, sənaye istehsalı, qeyri-neft sənayesində qeydə alınan artımlar dövlət başçısı tərəfindən həyata keçirilən iqtisadi islahatların real nəticələridir”

3 milyon insanı əhatə edən iqtisadi uğur

İqtisadçı ekspert Vüqar Bayramovun fikrincə isə 2019-cu ilin ilk yarım ili Azərbaycan iqtisadi tarixinə dərinləşmiş iqtisadi və sosial islahatların həyata keçirilməsi ilə yadda qalıb.

Ekspert söyləyib ki, 2019-cu ilin əvvəlindən etibarən Azərbaycanda dərinləşmiş sosial paketin təqdimatını müşahidə etdiyimizi nəzərə alsaq, sözügedən paketin faktiki olaraq 3milyondan çox vətəndaşı əhatə etməklə bu istiqamətə 3,2 milyard manat vəsaitin ayrılmasına imkan yaratdı: “ Bu da təbii ki aztəminatlı vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılması baxımından vacib idi. Bura təkcə, minimum əmək haqqı və pensiya alan vətəndaşlarımız deyil, eləcə də fərqli sektorlar da çalışan vətəndaşlarımızın da sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı. Sosial paketin davamlı şəkildə həyata keçirilməsi və qəbul olunan qərarlara əsasən, 2019-cu ilin sentyabr-oktyabr ayından yeni artımların şahidi olacağıq”.

Aqrar sektorda həyata keçirilən İSLAHATLAR

V. Bayramov 2019-cu ilin ilk yarım illiyində iqtisadi sahəyə həyata keçirilən islahatlar haqqında danışaraq qeyd edib ki, bu müddət ərzində islahatlar aqrar sektorda da davam etdirilib: “Digər tərəfdən çox vacib məsələlərdən biri də investisiya mühitinin yaxşılaşdırılması idi ki, cari ilin ilk 6 ayında bu istiqamətdə mühüm addımlar atılıb. Sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən dəstəklənməsi vacib addımlardandır. Bu il həm də ölkəmizdə aqrar subsidiyanın verilməsi mexanizminin təkmilləşdirilməsinin də şahidi olduq. Bu, xüsusilə də fermerlərin, ferer təsərrüfatlarının inkişafı və yerli istehsalın genişləndirilməsi baxımdan vacib idi”.

Digər məqamlara toxunan ekspert vurğulayıb ki, cari ilin 6 ayında xüsusilə də aqrar sektorda fəaliyyət göstərən sahibkarlar üçün yeni və birbaşa məhsul istehsalına təşviq edən qaydaların tətbiq ediləməsi bu sahənin inkişafı üçün mühüm məqamlardandır: “Bu il əslində aqrar sektor daxil olmaqla çox fərqli sektorlarda islahatların davam etdirilməsi müşahidə olunur ki, bu baxımdan 2019-cu ilin birinci yarım ili Azərbaycan üçün birmnalı şəkildə iqtisadi və sosial islahatların dərinləşmməsi ili kimi yadda qalıb”.

Kənd təsərrüfatında vəziyyət

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən açıqlanan məlumata görə, cari ilin 6 ayı müddətində Azərbaycan ərazisində 1milyon 9 min 139,8 hektar sahədə taxıl əkini aparılıb ki, bunlardan 677 min 793 hektarı buğda, 331 min 346,8 hektarı isə arpa sahəsidir: “Ölkə ərazisində 681 min 181,1 hektar ərazidə taxıl biçini aparılıb, 309 min 621,35 hektar ərazidə arpa, 371 min 559,75 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə isə bu günədək ölkə üzrə 218 min 2105 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 32 sentner təşkil edir”

Qeyd edilib ki, Goranboy ərazisində arpa əkilmiş 13 min 449 hektar sahənin 13 min 339 hektarı artıq biçilib: “Rayonda arpa üzrə məhsuldarlıq 29 s/ha təşkil edir. Göyçay ərazisində arpa əkilmiş 6851 hektar sahənin 6824 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 30,5 s/ha təşkil edir. Şəki, Hacıqabul, Ağsu, Ağdaş rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib”.

Sahibkarlara ayrılan VƏSAİT

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov açıqlamasında bildirib ki, bu ilin əvvəlindən bəri 463 sahibkarın ümumi dəyəri 175,7 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 46 milyon manat güzəştli kredit verilib: “Həmin investisiya layihələrin reallaşdırılması 1800-dək iş yerinin yaradılmasına imkan yaradır”.

Nazir müavini həmçinin qeyd edib ki, Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 29 sahibkara heyvandarlıq, bağçılıq, tərəvəzçilik sahələrinin inkişafı üçün 781 min manat güzəştli kredit verilib.

Yuxarıda qeyd olunanlara nəzərən bir daha sübut edir ki, ölkəmizdə atılan istənilən addım Azərbaycanın iqtisadi qüdrətini artırması nəticəsində baş verir. Çünki, iqtisadiyyat, o cümlədən qeyri-neft sektoru inkişaf etdikcə, dövlət büdcəsinin gəlirləri artıqca, ölkədə müxtəlif sahələrlə bərabər, sosial sferada da ciddi addımlar atılır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə