Mərkəzi Bankın "Twitter" səhifəsi istifadəyə verilib

Mərkəzi Bankın "Twitter" səhifəsi istifadəyə verilib

Mərkəzi Bankın "Twitter" sosial şəbəkəsində səhifəsi istifadəyə verilib. Bankdan AZƏRTAC-a bildiriblər ki, səhifənin hazırlanması və idarə olunmasında qabaqcıl mərkəzi bankların mütərəqqi təcrübələrindən istifadə olunub. Səhifədə Mərkəzi Bankın qəbul etdiyi qərarlar, eləcə də müxtəlif fəaliyyət istiqamətləri üzrə əməliyyat çərçivəsi barədə press-relizlər, operativ məlumatlar, elanlar, həmçinin Mərkəzi Bankın dövri nəşrləri barədə və digər faydalı məlumatlar yerləşdiriləcək. Bunlardan əlavə, müxtəlif hədəf qruplarının iqtisadi maarifləndirilməsi işinin daha da gücləndirilməsi məqsədilə maarifləndirici materiallar barədə məlumatlar da izləyicilərə təqdim olunacaq.

Səhifə məzmun etibarilə daim zənginləşdiriləcək, hədəf qrupları ilə daha geniş kommunikasiya imkanlarından aktiv istifadə olunacaq. Hədəf qruplarının adekvat gözləntilərinin idarə olunması məqsədilə peşəkar izləyicilərin, akademik dairələrin, ekspertlərin rəylərinin öyrənilməsi başlıca missiyası ölkədə makroiqtisadi sabitliyə, iqtisadi inkişafa dəstək verməkdən ibarət olan Mərkəzi Bankın siyasətinin və fəaliyyətinin səmərəliliyinin daha da yüksəldilməsi, həmçinin bütövlükdə ictimaiyyətdə iqtisadi və maliyyə savadlılığının artırılması üçün mühüm əhəmiyyət kəsb edir. Səhifəyə keçid linki Mərkəzi Bankın rəsmi internet səhifəsində (www.cbar.az) yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə