Naftalanda sahibkarlara güzəştli kreditlər verilib

Naftalanda sahibkarlara güzəştli kreditlər verilib

Noyabrın 19-da İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın inkişafına dövlət dəstəyi, sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi və onların maarifləndirilməsi məqsədilə "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Naftalan rayonunda keçirib.

SİA-nın xəbərinə görə, tədbirdə Naftalan və ətraf rayonlarda fəaliyyət göstərən 150-dən çox sahibkar iştirak edib. Tədbirdən əvvəl Sahibkarlığa Kömək Milli Fondundan güzəştli kredit almış Naftalan rayonundakı tibbi xidmət və sağlamlıq mərkəzi olan "Möcüzəli Naftalan-Sağlamlıq Mərkəzi" MMC-nin fəaliyyətinə baxış keçirilib.

Sonra "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri öz işinə başlayıb.

Tədbiri Naftalan Rayon İcra Hakimiyyətinin başçısı Natiq Aslanov açıb.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev və Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdir müavini Fərrux Dadaşov çıxışlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən iqtisadi siyasətin prioritetlərindən birinə çevrilmiş regionların sosial-iqtisadi inkişafının sürətlə davam etdirildiyini vurğulayıblar.

İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin direktor müavini Rahim Mürsəlov sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, iş adamlarının maarifləndirilməsi, onlara nəzəri-praktiki biliklərin aşılanması istiqamətində Mərkəzin gördüyü işlər barədə məlumat verib. Diqqətə çatdırılıb ki, biznes tədrisinin təkmilləşdirilməsi, qabaqcıl təcrübə mübadiləsi praktikasının tətbiq edilməsi və regionlarda müntəzəm olaraq keçirilən treninqlər özəl sektorun inkişafına dövlət dəstəyi tədbirlərinin tərkib hissəsidir.

Sonda bir qrup sahibkara güzəştli kreditlər verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə