Bu il pambıqçılıq üçün 3 mindən çox texnika alınacaq

Biz özümüzü texnika ilə tam təmin edə bilməmişik. Bunun da təbii səbəbləri var. Biz cəmi iki ildir ki, texnika alırıq. Özü də hamımız yaxşı bilirik ki, son iki il ərzində dövlət büdcəmizin xərcləri ilə bağlı çox ciddi işlər aparılır. Yəni, biz lazım olmayan xərcləri ixtisar etmişik. Bu sözləri Prezident İlham Əliyev martın 26-da Bərdədə keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində deyib.

Büdcə gəlirlərini sabit vəziyyətdə saxlamaq üçün hər bir xərcə xüsusi diqqətlə baxıldığını vurğulayan dövlətimizin başçısı qeyd edib ki, neftin qiyməti son iki il ərzində çox aşağı səviyyədə idi. Bu il də hələ tam bərpa olunmayıb, buna baxmayaraq, kənd təsərrüfatı texnikasına çox böyük vəsait ayrılıbdır. “Əgər büdcə xərclərinə nəzər salsaq görərik ki, bu texnikanın alınması üçün doğrudan da böyük vəsait ayrılmışdır. Son iki il ərzində kənd təsərrüfatı texnikasına 300 milyon manatdan çox vəsait ayrılmışdır. Onun da böyük hissəsi pambıqçılıq texnikasıdır. Fermerlər yaxşı bilirlər ki, biz ən qabaqcıl texnikanı alırıq. Biz pambıqçılıqda dünyanın bir nömrəli texnikasını alırıq. Əvvəlki dövrdə təkcə 370 pambıqyığan kombayn alınmışdır və bu il əlavə 100 pambıqyığan kombayn alınacaq. Lazım olarsa, biz gələcəkdə də texnikanın alınması ilə məşğul olacağıq. Ancaq məlumat üçün bildirmək istəyirəm ki, keçən il, ümumiyyətlə, 10 minə yaxın texnika alınmışdısa, bunun 5700-ü pambıqçılıq üçün alınmışdır. Bu il pambıqçılıq üçün yenə də 3 mindən çox texnika alınacaq. Ümumiyyətlə, texnikanın alınması üçün bu il dövlət büdcəmizdə 160 milyon manat vəsait nəzərdə tutulub, bunun 118 milyon manatı pambıqçılıq texnikasına xərclənəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə