Muxtar respublikada bal istehsalı 4 dəfədən çox artıb

Muxtar respublikada bal istehsalı 4 dəfədən çox artıb

Ötən il muxtar respublikada 1424 ton bal istehsal olunub. Bal istehsalı 2007-ci illə müqayisədə 4,3 dəfə artıb. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib ki, 2018-ci il yanvarın 1-nə muxtar respublikada 71 min 66 arı ailəsi qeydə alınıb. Bu da 2007-ci ilin sonu ilə müqayisədə 3 dəfə çoxdur. Ümumi arı ailələrinin 9 min 124-ü Şərur, 9 min 812-si Babək, 13 min 635-i Ordubad, 13 min 798-i Culfa, 1625-i Kəngərli, 20 min 384-ü Şahbuz, 652-si Sədərək rayonlarının, 2 min 36-sı isə Naxçıvan şəhərinin payına düşür.

Təkcə 2017-ci ildə arıçılıqla məşğul olan təsərrüfat subyektlərinə 50 min manat məbləğində kredit verilib, 3 arıçılıq təsərrüfatı və mum vərəqi istehsalı sahəsi yaradılıb. Ümumilikdə, son üç ildə təsərrüfat subyektlərinə 907 min 900 manat məbləğində kreditlərin verilməsi bu sahənin inkişafına geniş imkanlar yaradıb.

Qeyd edək ki, arıçılığın kompleks şəkildə inkişaf etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib.

Muxtar respublikada arıçılığın inkişafını stimullaşdırmaq məqsədilə ilk dəfə 2016-cı ildə Naxçıvan şəhərində “Arıçılıq məhsulları – bal festivalı” keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə