Azərbaycan dünya birliyində güclü dövlət statusuna malikdir AÇIQLAMA
“İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının hazırkı sədri Türkiyənin təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısında cənab Prezident İlham Əliyevin iştirak və çıxış etməsi Azərbaycanın prinsipial məsələlərlə bağlı mövqeyini ortaya qoymuş olub. Birincisi, Azərbaycan dövlətinin İslam dünyasına verdiyi dəstəyi isbatlanıb. İkincisi, isə müsəlman aləmində sülh və sabitliyin təmin edilməsi üçün milli və ərazi münaqişələrinin həll edilməsinin vacibliyi önə çəkilib”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, hər iki kontekstdə bir daha nümayiş etdirilib ki, Azərbaycan ardıcıl olaraq Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə, Şərqi Qüdsün Fələstin dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllini dəstəkləyir: “Hətta, bir neçə il bundan əvvəl Azərbaycan Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfransına və Qüds şəhərinin inkişafına dəstək məqsədilə donor konfransına ev sahibliyi etməsi, 2017-ci ilin iyul ayında Azərbaycanda BMT-nin Fələstin xalqının ayrılmaz hüquqlarının həyata keçirilməsinə dair komitənin, BMT-nin humanitar məsələlər üzə əlaqələndirmə ofisinin, İƏT və müxtəlif qeyri-hökumət və vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə Qüds məsələsinə dair beynəlxalq konfransın keçirilməsi, həmin konfransda Şərqi Qüdsün işğalı və Əl-Aqsa məscidində ibadət edənlərə qarşı tətbiq olunan məhdudiyyətləri qınayan bəyanatın qəbul edilməsi də söylənilənləri sübut edir. Bütün bunlar onu göstərir ki, Azərbaycan dünya birliyində, xüsusilə də İslam ölkələri arasında sayılıb-seçilən, güclü bir dövlət statusuna malikdir”.
Sədaqət Vəliyeva bir məqamı da xüsusi olaraq diqqətə çatdırıb ki, İstanbulda Ermənistana qarşı yeni cəbhənin açılmasına dair İslam ölkələrinin həmrəyliyi də gündəmə gəldi: “Bu isə Azərbaycan dövlətinin beynəlxalq siyasətdəki yeni qələbəsidir. Düşünürəm ki, ictimai-siyasi təşkilatlar və media bu məqamlara xüsusi diqqət ayırmalı, Ermənistanın daha geniş auditoriyada ifşa edilməsinə çalışmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB