“Dəniz əməliyyatları üzrə maarifləndirmə” mövzusunda seminarlar keçirilib

“Dəniz əməliyyatları üzrə maarifləndirmə” mövzusunda seminarlar keçirilib
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ölkəmizdə fəaliyyət göstərən nüfuzlu xarici neft-qaz şirkətləri ilə sıx əməkdaşlıq şəraitində çalışır, müxtəlif sahələrdə yeni texnologiyaların mənimsənilməsi üzrə səmərəli maarifləndirmə üsullarından istifadə edir, öz mütəxəssislərinin müasir təcrübəyə yiyələnməsi istiqamətində intensiv iş aparır. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu tədbirlər çərçivəsində ARDNŞ-nin təşəbbüsü və "BP-Azərbaycan" şirkətinin dəstəyilə keçirilən "Dəniz əməliyyatları üzrə maarifləndirmə" mövzusunda ixtisaslaşdırılmış seminarlar mühüm əhəmiyyət kəsb edir.

Bu tədbirdə "BP-Azərbaycan" şirkəti və ARDNŞ-nin Ekoloji layihələrin idarə edilməsi şöbəsinin, "Azneft" İstehsalat Birliyinin, "Neftqaztikinti" Trestinin, "Kompleks Qazma İşləri" Trestinin və "Neftqazelmitədqiqatlayihə" İnstitutunun mütəxəssisləri müvafiq iş standartları üzrə müzakirələr və təcrübə mübadiləsi aparırlar. Bununla əlaqədar ilk seminar keçirilib. Seminar zamanı "BP-Azərbaycan" şirkətinin dəniz platformalarında ətraf mühitə mənfi təsir etmədən istismar işlərinin təşkili və dənizdə qazma işlərinin kompüter sistemlərilə idarə olunan tam avtomatlaşdırılan vəziyyətdə aparılması təcrübəsi barədə xüsusi təqdimatlar nümayiş etdirilib. Seminarda ARDNŞ-nin struktur bölmələrinin 18 mütəxəssisi iştirak edib.

Növbəti seminarda isə ARDNŞ-nin struktur bölmələrinin 5 mütəxəssisi "BP-Azərbaycan" şirkətinin istismar etdiyi "Mərkəzi Azəri" platformasında 3 günlük praktiki məşğələdə iştirak edib. Məşğələ zamanı mütəxəssislər platformada aparılan neft-qaz əməliyyatları ilə yaxından tanış olmuş, platformanın quruluşu və orada işləyən bütün müasir qurğu və avadanlıqlar barədə onlara ətraflı məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə