İnternetin keyfiyyətində və sürətində çox ciddi problemlər var AÇIQLAMA
“Bu yay apardığımız müşahidələr, monitorinqlər, bununla bağlı əldə etdiyimiz məlumatlar bir daha göstərdi ki, regionlarda internetin keyfiyyəti, şəhərə nisbətən daha pis vəziyyətdədir. Xüsusən də mobil internetin keyfiyyətində çox ciddi problemlər var. Adi sosial media resurslarından istifadə, multimedia məlumatlarının əldə olunması çox zaman mümkün olmur. Rayon mərkəzlərindən kənarda 3G və keyfiyyətli internet yetərli deyil, heç bir rayon mərkəzində 4G-yə rast gəlmədim”. Bunu SİA-ya açıqlamasında “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
Onun sözlərinə görə, ümumiyyətlə qonşu ölkələrlə müqayisədə bu sahədə ciddi geriləmələr var və bu sürətlə artmaqdadır: “Deməli Azercell-in aldığı toplam sürət 12 Gb/s, Bakcell və Nar-da hətta bundan da azdır. Dövlət provayderi elan edir ki müştərilərinin sayını 10 minlərlə artırıb amma baxırsan ki onun bakbondan aldığı sürət heç bir faiz də olsa artmayıb. Bunun heç bir izahı yoxdur.
Özəl provaydrelərin ümumi infrastrukturdan istifadədə problemləri hələ də qaldığından keyfiyyətli internetə əlçatımlıqla bağlı problem də qalmaqdadır. Ümumiyyətlə düşünürəm ki bu istiqamətdə nəzarət yetərli deyil və son zamanlarda xeyli zəifləyib. Delta provayderlərə satdığı internet həcmini açıqlasa da, provayderlərin genişzolaqlı müştərilərinin sayı gizli saxlandığından buna ictimai nəzarət də yetərli və effektiv olmur. Azertelekom-da isə hələlik provayderlərə satılan trafiklə bağlı heç bir məlumat açıqlamır. Görünən budur ki, internetin keyfiyyəti günü–gündən pisləşir. Qiymətlər də qonşu ölkələrdən xeyli yüksəkdir. Düşünürəm ki, yeganə çıxış yolu bəzi ölkələrdə tətbiq olunan sərt qanunvericilik addımlarının atılmasındadır. Belə ki, qanunvericiliklə provayderlərin üzərinə son istifadəçiyə çatdırmalı olduğu minimal sürət həddi ilə bağlı öhdəliklərin qoyulması məqsədəuyğun olardı. Yəni, əgər abunəçi ilə müqavilədə hansısa X Mb/s sürət nəzərdə tutulubsa və müştəri bu sürətə görə ödəniş edibsə onda provayder öhdəlik götürməlidir ki bunun ən azı hansı hissəsini istifadəçiyə mütləq çatdırmalıdır. Əgər çatdıra bilməyəcəksə bu haqda qabaqcadan müştəri xəbərdar edilməlidir.
Məhz bu minimal hissə ilə bağlı NRYTN, İqtisadiyyat Nazirliyi, provayderlər, o cümlədən bakbone provayderlərin və ekspertlərin də iştirakı ilə müzakirələr aparılmalı və normativ aktın layihəsi hazırlanmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB