Azərbaycan tranzit ölkəyə çevrilir

Bu gün Azərbaycan dünyada geosiyasi və geoiqtisadi əhəmiyyətilə seçilən transmilli layihələr reallaşdıran ölkə kimi tanınır. Təkcə Cənubi Qafqaz bölgəsini deyil, ümumilikdə, böyük coğrafiyanı əhatə edən, hətta Avrasiya geosiyasi məkanda təhlükəsizlik və əməkdaşlıq münasibətlərinə töhfəsini verən proyektlər xüsusi diqqət çəkməkdədir. Belə layihələrin içərisində nəqliyyat proyektləri əhəmiyyətli rol oynayır. Tarixi İpək Yolunun keçdiyi Azərbaycanın yerləşdiyi ərazi bütün dövrlərdə Avropa və Asiyanı, ən uzaq dövlətləri birləşdirən, strateji ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkanlardan biri olub.

Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən görülmüş işlər, iritonnajlı yük avtomobillərinin keçid prosedurlarının sadələşdirilməsi, gediş-gəliş xərclərinin təqribən 40 faizədək aşağı salınması nəticəsində, 2017-ci ilin yanvar-iyun aylarında ölkəmizin ərazisindən 16 minə yaxın yük avtomobilinin keçməsi Azərbaycanın tranzit yükdaşımaçılığı sahəsində getdikcə daha üstün mövqelərə sahib olduğunu göstərir. Bu rəqəm ötən ilin analoji dövrü ilə müqayisədə 1,5 dəfə çoxdur. Ümumiyyətlə, 2017-ci ilin yanvar-iyun aylarında ölkə ərazisindən 5,5 milyon ton yük daşınmışdır. Yüklərin 4,4 milyonu (80 faiz) neft və neft məhsullarının, 1,1 milyonu isə (20 faiz) qeyri-neft məhsullarının payına düşür. Ötən ilin analoji dövrü ilə müqayisədə neft və neft məhsullarının daşınmasında 23 faiz, qeyri-neft məhsullarında isə 36 faiz artım müşahidə olunur.

Coğrafi mövqe baxımından bir neçə nəqliyyat dəhlizinin qovuşuğunda yerləşən Azərbaycanın tranzit imkanları olduqca böyükdür. Xüsusən, hazırda ticarət dövriyyəsi 500 milyard dollar olan Çin və Avropa arasında yükdaşımalarda Şərq-Qərb marşrutundan və onun tərkib hissəsi olan Azərbaycanın nəqliyyat-tranzit imkanlarından istifadə edilməsi vaxt və maliyyə baxımından daha sərfəlidir. Ölkəmiz beynəlxalq yüklərin daşınmasının effektivliyini və rəqabətqabiliyyətliyini artırmaq üçün bütün imkanları uğurla səfərbər edir. Bu mənada, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yaradılması ölkəmizin mühüm tranzit uğurlarından sayılır. Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın yükdaşımalarda iştirak edən müvafiq qurumlarının iştirakı ilə yaradılıb. Daha sonra Ukrayna, Rumıniya və Polşanın da aidiyyəti qurumları TBNM-ə qoşulub. Hazırda bu marşrut Çin-Qazaxıstan sərhədindən başlayaraq Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçməklə, Avropa ölkələrinə qədər uzanır. TBNM tərəfindən bütün marşrut boyu vahid keçid tarifi təyin olunub, "bir pəncərə" prinsipi tətbiq edilib və bu layihə çərçivəsində konteyner qatarları müvəffəqiyyətlə marşrut üzərindən daşınır.

Azərbaycanın iştirak etdiyi beynəlxalq nəqliyyat layihələrindən biri "Şimal-Cənub Nəqliyyat Dəhlizi"dir. Ölkəmizin tranzit potensialının artırılması istiqamətində görülən işlər bu nəqliyyat dəhlizinin Azərbaycandan keçən hissəsində işlərin sürətləndirilməsini zəruri edib. Bu məqsədlə Prezident İlham Əliyev 2015-ci il dekabr ayında "Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirmək üçün bütün qüvvələr səfərbər olunub. Artıq Astara stansiyasından İran sərhədinə qədər 8,3 kilometr uzunluğunda dəmir yolu çəkilib. Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikintisi başa çatıb. Həmçinin, sınaq qatarı sərhədi yeni tikilmiş körpü vasitəsilə keçib. Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirən "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi", Azərbaycan üçün çox önəmli marşrut olaraq, respublikamızın tranzit potensialından yüksək səviyyədə bəhrələnməyə imkan verəcək. "Bu layihə Hindistandan başlayaraq, İrandan keçməklə Azərbaycan, Rusiya, Fin körfəzinə qədər ərazini əhatə edir. Azərbaycan isə "Şimal-Cənub Nəqliyyat Dəhlizi" çərçivəsində dünyanın böyük iqtisadiyyatlarını birləşdirəcək. Bu layihənin

gerçəkləşdirilməsi yüklərin ünvanına çatdırılma müddətlərini 2-3 dəfə azaldacaq. İran bu dəmir yolu layihəsinin inşası üçün 2016-cı ildə Hindistanla müqavilə imzalayıb. Hindistanın "IRCON" Dövlət Şirkəti dəmir yolunun Çabahardan Zahedana qədər olan 500 kilometrlik hissəsini tikmək barədə razılıq verib. Bu hissəsinin tikintisi üçün 1,6 milyard dollar ayrılıb.

Azərbaycanda dəniz nəqliyyatının inkişafına xüsusi diqqət yetirilir. Ələt qəsəbəsində tikilən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi tezliklə regionun avtomobil, dəmir və dəniz yollarının kəsişmə nöqtəsinə çevriləcək. Bu liman Çindən tutmuş Mərkəzi Asiya və Avropayadək daşımalara töhfəsini verəcək. Kompleksin bu ilin sonunda yekunlaşdırılacaq birinci fazasının yükaşırma qabiliyyətinin 15 milyon ton olacağı planlaşdırılır. Bundan əlavə, limanın ətrafında yaradılacaq azad ticarət zonası daha çox yükdaşımaların həyata keçirilməsinə imkan verəcək.

Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin tranzit uğurlarını ümumiləşdirərək deyib: "Azərbaycan nəqliyyat dəhlizlərinin yaradılması, üzərində uzun illərdir ki, çalışırdı və indi bütün zəruri nəqliyyat infrastrukturu artıq yaradılmışdır. Bizim bütün qonşularımızla şimal, cənub və qərb istiqamətində dəmir yolu əlaqəmiz var. Bizim bütün təyyarələri qəbul edə bilən altı beynəlxalq hava limanımız var. Bizim yükdaşıma donanmamız dünya miqyasında fəaliyyət göstərən ən aparıcı yükdaşıma donanmalarından biridir. Ölkəmiz regionla ən yeni magistrallar şəbəkəsi ilə birləşir. Biz daşımaların həcmini Xəzər dənizində yeni tikilmiş ən böyük liman vasitəsilə artırırıq. Onun birinci mərhələsi artıq fəaliyyət göstərir və növbəti il dəniz limanının tikintisinin tamamlanması bizə ən azı ildə 15 milyon ton yük və bir milyon ton konteyneri yükləyib-boşaltmaq imkanı verəcəkdir. Artıq Çindən Avropaya gedən sınaq konteyner qatarları Azərbaycandan keçir. Beləliklə, "Şərq-Qərb Nəqliyyat Dəhlizi", demək olar ki, icra edilib. Azərbaycan, nəinki təkcə ölkə daxilinə sərmayə yatırmış, eyni zamanda, Gürcüstana dəmir yolunu tikmək üçün 700 milyon dollardan çox maliyyə dəstəyi göstərmişdir. İndiki mərhələdə biz İranda dəmir yolunu tikmək üçün maliyyə dəstəyinin göstərilməsi məqsədilə iranlı

qonşularımızla danışıqların ən son mərhələsindəyik. Bu dəmir yolu İran dəmir yollarını bizim dəmir yolları ilə birləşdirəcəkdir. Beləliklə, biz çoxsaylı dəhliz formatını, Azərbaycan ərazisindən keçən, Şimali Avropadan Hindistana qədər uzanan Şimal-Cənub və Çindən Qərbi Avropaya qədər uzanan Şərq-Qərb dəhlizlərini yaratmış olacağıq".

Göründüyü kimi, Azərbaycan ərazisindən keçən marşrutlar daha çox iqtisadi potensiala malikdir. Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi də təsdiq edir ki, Azərbaycan hökumətinin bu istiqamətdə gələcək hədəfləri göstərən konkret strategiyası var.

"Səs" Analitik Qrupu

Bütün xəbərlər Facebook səhifəmizdə