Təlimlər davam edir

07 iyul 2017-ci il, Bakı: Azərbaycan Respublikasının Mərkəzi Bankı və bir sıra bank-maliyyə qurumları tərəfindən həyata keçirilən iqtisadi maarifləndirmə tədbirləri çərçivəsində 2015-ci ildən başlayaraq hər il ali təhsil müəssisələrinin III və IV kurs tələbələri üçün “Maliyyə Savadlılığı: Peşəkar karyeraya aparan yol” adlı müsabiqə xarakterli təlimlər keçirilməkdədir. AMB-dən SİA-ya verilən məlumata görə, təlimlərin keçirilməsində məqsəd maliyyə savadlılığının gənclər arasında ictimai dəyər kimi tanınmasını təmin etmək, tələbələri bank-maliyyə sektorunun işi ilə yaxından tanış etmək, onlara karyera quruculuğu işində köməklik göstərmək və bank-maliyyə qurumlarının təcrübə proqramlarına dəstək olmaqdır.

Qeyd olunan maarifləndirmə tədbirləri 2017-ci ilin birinci yarımilliyində də davam etdirilib. Belə ki, 2017-ci ilin 27 fevral – 9 iyun tarixlərində hər biri iki mərhələdən ibarət olan ümumilikdə 5 təlim keçirilib. Mərkəzi Bankın təşəbbüsü ilə keçirilən bu təlimlərdə 150 tələbə iştirak edib. Təlimlərin birinci mərhələsindən uğurla keçən tələbələr ikinci mərhələdə iştirak etmək hüququ qazanıblar. İkinci mərhələsini də müvəffəqiyyətlə başa vuran 71 tələbəyə isə 30 iyun tarixində sertifikatlar təqdim edilib. Eyni zamanda tələbələrin CV-ləri və yekun test imtahanı üzrə balları internatura proqramında iştirak etmək imkanı qazanmaq üçün müvafiq bank-maliyyə qurumlarına təqdim olunub.

Qeyd edək ki, bu günə kimi sözügedən layihənin 40 məzunu layihədə iştirak edən bank-maliyyə qurumlarında təcrübə proqramlarına cəlb olunublar. Maliyyə maarifləndirilməsi istiqamətində hədəf qruplarından olan ümumtəhsil müəssissələrinin müəllim və şagird heyəti, orta ixtisas və ali təhsil müəssissələrinin tələbələrinin iqtisadi və maliyyə savadlılığının artırılmasına xüsusi önəm verən Mərkəzi Bank gələcəkdə də bu hədəf qrupları üçün müxtəlif tədbirlərin təşkilini nəzərdə tutur.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə