"Ermənistan-Azərbaycan cəbhəsindəki gərginliklər ATƏT-in Minsk qrupu həmsədrlərinin tutduqları yanılış mövqedən qaynaqlanır". Bu fikri millət vəkili Sahib Alıyev ATƏT-in Minsk qrupu həmsədrlərinin Bakıya səfəri ilə bağlı deyib. Onun sözlərinə görə, həmsədrlər Azərbaycanın işğal altındakı torpaqlarında olublar: “Səfərlə paralel olaraq cəbhədə gərginliklər də baş qaldırıb. Bu da məhz həmsədrlərin tutduqları yanlış mövqedən qaynaqlanır. Əgər həmsədrlər işğal faktının aradan qaldırılmasının deyil, cəbhədə nəzarət mexanizminin gücləndirilməsini istəyirlərsə, o zaman baş verənlərə təbii baxmaq lazımdır”- deyə, millət vəkili vurğulayıb.
S.Alıyev əlavə edib ki, onlar indi qəsdən vəziyyəti gərginləşdirir, cəbhədə təxribata əl atırlar ki, “nəzarət mexanizminin möhkəmləndirlməsi” məsələsi daha da aktualaşsın, işğal faktı isə yenə arxa planda qalsın: “Bəlkə də bu yöndə hətta onlara tapşırıq belə verilib.
Cəbhədə nəzarət mexanizmi doğurdan da lazımdır. Ancaq bu mexanizm işğal faktının möhkəmlənməsinə yox, aradan qaldırılmasına xidmət etməlidir. Yəni Ermənistandan BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və işğal altındakı digər torpaqlarımızla bağlı 4 qətnaməsinin yerinə yetirilməsi tələb edilməli, bunun necə reallaşdırıldığına nəzarət olunmalıdır. Təklif edilən nəzarət mexanizmi isə ancaq və ancaq status-kvonun qorunub saxlanması üçündür ki, bunu işğalçı tərəf özü də gizlətmir, açıq şəkildə dilə gətirir.
Bəli, ermənilər deyirlər ki, həmsədrlərin təklif etdikləri nəzarət mexanizminin gücləndirlməsi təklifi status-kvonun onların kefləri istədiyi qədər qorunub saxlanmasına xidmət edir. Prezidentləri ayrılıqda və birlikdə bir neçə dəfə “status-kvo dəyişməlidir”- deyən həmsədr dövlətlərin sözləriylə atmaq istədikləri addım eynən hardasa terror qruplaşmalarına yanaşmada sərgilədikləri mövqeyə bənzəmirmi? Burada hardasa sözünü ona görə işlədirik ki, onlar terrorçulara gizli dəstək verməklə yanaşı, arada bir başlarına bomba da tökürlər. İşğalçı və terrorçu haylara gəldikdə isə ancaq dəstək görürük. Açıq və gizli, birbaşa və dolayı dəstək.
Baxın, son döyüşlərdə ermənilərin 6 hərbiçisi zərərsizləşdirilib ki, hamısı Ermənistandan gətirilən çağırışçılar və müddətdən artıq hərbi xidmət keçənlərdir. Onların üçünün çağırışçı olduğu dəqiqdir”.
Deputat deyib ki, indi həmsədrlərdən soruşuruq: “Sizin təklif etdiyiniz bu nəzarət mexanizmi nə üçündü? Əlinə silah verilərək Azərbaycan torpaqlarına göndərilən Ermənistan hərbiçilərinə qarşı addım atılmaması üçünmü? Axı, siz Ermənistanın yeritdiyi bu işğalçı siyasətin önünü kəsməlisiniz, ona qarşı görülən tədbirlərin deyil. Bu ona görə sizdən tələb edilmir ki, ədalətli, haqqın tərəfində olduğunuz düşüncəsindəyik. Xeyr, beynəlxalq normalar, bir də üzərinizə götürdüyünüz öhdəlik var, zəhmət çəkin yerinə yetirin!
Ona görə də, fikrimcə, ümumiyyətlə format dəyişmirsə belə Minsk qrupuna həmsədrlik edənlərin missiyasının adı dəyişdirilməli, yaxud da dəqiqləşdirilməlidir. Həmsədrlik institutu Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılıb, deyilmi? Ancaq cəbhə xətti Dağlıq Qarbağın sərhədlərindən çox-çox kənara çıxıb axı. Söhbət indi sadəcə Dağlıq Qarabağ probleminin həllindən deyil, həm də Azərbaycanın işğal altındakı daha 7 rayonundan gedir. Ona görə də həmsədlər “uzun vaxt aparan mürəkkəb məsələ” dedikləri Dağlıq Qarabağ probleminin həlli yönündə “səylərini” davam etdirməli, işağ altındakı 7 rayona gəldikdə isə, bunu BMT Nizamnaməsinə və digər beynəlxalq aktlara dayanaraq Azərbaycan özü çözməlidir ki, həmən sənədlərdə də işğalçıya qarşı güc tətbiqi yasaqlanmır, əksinə təşviq olunur.
Məncə, həmsədrlərin regiona səfərlərilə bağlı açıqlama verərkən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov cənab İlham Əliyevin dəfələrlə bildirdiyi “Azərbaycan öz torpaqlarının bir qarışını da heç kimə güzəştə getməyəcək” sözlərini elə-belə xatırlatmırdı. Bu, təkcə xatırlatma yox, həm də bir xəbərdarlıqdır. Təkcə ermənilərə deyil, həm də havadarlarına edilən xəbərdarlıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB