Bakı Mühəndislik Universitetinin tələbələri Gilan Tekstil zavodunda

Bakı Mühəndislik Universitetinin tələbələri Gilan Tekstil zavodunda

Tələbələrin növbəti səfəri Sumqayıtda yerləşən Gilan Tekstil Parkına olub. SİA-nın məlumatına görə, 2012-ci ildən fəaliyyət göstərən Gilan Tekstil Parkında yüksək keyfiyyətli Azərbaycan pambığından dünya standartlarına cavab verən tekstil məhsulları istehsal edilməkdədir.

Parka gələn tələbələrə müəssisə haqqında geniş məlumat verilib.

Daha sonra tələbələr Tekstil Parkının istehsalat sahələrini gəzib və burada müxtəlif növ parça, yataq dəstləri, yorğanlar, yastıqlar, habelə müxtəlif təyinatlı, oda və suya davamlı uniformalar, hərbi və xəstəxana geyimləri, xalatlar, otellər üçün dəsmalların istehsalı, tikilişi ilə yaxından tanış olublar. Qeyd olunduğu kimi Gilan Tekstil Parkının əsas istehsal istiqamətlərindən biri toxuma və hörgü parçaların istehsalıdır. Onların arasında 100% pambıq iplikdən istehsal olunan müxtəlif təyinatlı toxuma və hörgü parçaları ilə yanaşı, geniş çeşiddə 100% pambıq, pambıq-polyester qarışığı olan işçi geyimi və xüsusi təyinatlı sukeçirməz, odadavamlı, kamuflyaj parçaların istehsalı üzrə Gilan Tekstil Parkının geniş təcrübəsi mövcuddur.

Gilan Tekstil Parkının malik olduğu ən müasir dəzgah parkının istehsal gücü ölkədaxili tələbatdan artıq olduğu üçün fabriklərin tam güclə fəaliyyət göstərməsi məqsədilə xarici bazara çıxmaq istiqamətində müxtəlif tədbirlər görülüb. Müəssisə beynəlxalq nüfuzunu artırmaq, yeni tərəfdaşları əldə etmək üçün ölkə daxilində və xaricə təşkil olunan sərgilərdə iştirak edir. Artıq bu gün Türkiyə kimi tekstil istehsalçı-ölkəsində müəssisənin məhsulları yüksək nüfuza malikdir və onlara ciddi tələbat var. Ev tekstili və parça satışı üzrə MDB ölkələri ilə geniş ticarət münasibətləri mövcuddur.

Gilan Tekstil Parkında yaradılan şərait, istehsalat prosesi tələbələrin böyük marağına səbəb olub.

Vüsalə Cavadova, sənaye mühəndisliyi ixtisası üzrə tələbə: "Əsasən burada müasir texnologiyalardan, yerli məhsullarımızdan, yerli parçalardan istifadə olunduğunu, sap və dəsmal istehsalını gördüm. Köynəklərin tikilişini izlədim. Müasir texnologiyalarla yaxından tanış oldum".

Mütəllibov Sahib tələbə: “Sırf pambıqdan hazır bir məhsul alınana qədər tətbiq olunan texnologiyalarla yaxından tanış olduq. Ümumilikdə gələcək iş həyatımız üçün də bu prosesləri öyrənmək çox vacibdir".

Həmçinin müəssisənin əməkdaşları bildiriblər ki, Gilan Tekstil Parkında istehsalda insan sağlamlığına zərər verəcək heç bir kimyəvi maddələrdən istifadə edilmir və bütün məhsullar Avropa standartlarına tam cavab verir.

Tədbirin sonunda tələbələr və müəllim heyəti müəssisənin kollektivi və təşkilatçılar ilə xatirə fotosu çəkdiriblər.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə