SOCAR-ın istiqrazları ilə bağlı mətbuat konfransı keçirilib YENİLƏNİB - SƏS TV

SOCAR-ın istiqrazları ilə bağlı mətbuat konfransı keçirilib YENİLƏNİB - SƏS TV

Bu gün SOCAR istiqrazlarının satışının yekunlaşması və təkrar bazar əməliyyatlarının başlanması ilə bağlı mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda SOCAR prezidenti Rövnəq Abdullayev, Milli Depozit Mərkəzi İdarə Heyətinin sədri Araz Əliyev, Bakı Fond Birjasının İdarə Heyətinin sədri Fariz Əzizov, SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov və SOCAR-ın kapital bazarları üzrə baş məsləhətçisi Əli Ağaoğlu iştirak edirlər.

Mətbuat konfransını giriş sözü ilə açan SOCAR prezidenti Rövnəq Abdullayev ilk öncə Azərbaycanın Respublikasının Dövlət Müstəqilliyinin 25-ci ildönümü münasibətilə tədbir iştirakçılarını və Azərbaycan xalqını təbrik edib. O vurğulayıb ki, dövlət müstəqilliyinin əldə edilməsindən cəmi 25 il ötməsinə baxmayaraq, təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və ölkə başçısı İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən uzaqgörən müdrik siyasi kursun nəticəsi olaraq, ölkəmiz sürətlə inkişaf edir.

Sonra R.Abdullayev qeyd edib ki, SOCAR istiqrazlarının buraxılmasında başlıca məqsəd həyata keçirilən bu uğurlu siyasətin tərkib hissəsi kimi Azərbaycan Kapital Bazarının inkişafına töhfə vermək olub və bu istiqrazların Təkrar Bazarda tədavülü tarixinin də məhz Dövlət Müstəqilliyinin ildönümü ilə üst-üstə düşməsi SOCAR üçün xüsusi önəm kəsb edir. O bildirib ki, 20 sentyabr - 10 oktyabr tarixlərində satışa çıxarılan SOCAR İstiqrazları üçün verilən sifarişlərin 90%-dən çoxu vətəndaşlarımıza aid olub. Onun sözlərinə görə, cəmi 100 milyon ABŞ dolları məbləğində buraxılan SOCAR istiqrazlarına 203 milyon dollardan artıq sifariş gəlib, bu da investorlar tərəfindən istiqarazlara tələbin 2 dəfədən artıq olduğunu göstərir.

Tədbirdə çıxış edən Milli Depozit Mərkəzinin İdarə heyətinin sədri Araz Əliyev bildirib ki, SOCAR istiqrazları bazarda maraqla qarşılanıb: "SOCAR istiqrazlarından sonra Azərbaycanın istiqraz bazarında canlanma müşahidə edilir. Digər istiqrazlarla müqayisədə SOCAR İstiqrazlarına tələb daha çoxdur. İstiqrazların buraxılmasında müəyyən maneələr olsa da, sonrada bu aradan qaldırıldı".

Daha sonra çıxış edən Bakı Fond Birjası" QSC-nin (BFB) İdarə Heyətinin sədri Fariz Əzizov isə bildirib ki, SOCAR istiqrazlarının tədavülə buraxılması kapital bazarının strukturunun milliləşdirilməsi baxımından mühüm addımdır. Onun sözlərinə görə, bu istiqrazlar BFB-nin tarixində ən iri emissiyadır və ali (əsas) bazar seqmentində yerləşdirilib: "Bu yerləşdirmədə BFB və Milli Depozit Mərkəzindən əlavə 12 təşkilat çalışıb".

Tədbirin davamında 20 günlük sifariş müddətində vətəndaşların və yerli hüquqi şəxslərin SOCAR istiqarzalarına göstərdiyi bötyük maraqdan danışılıb, eyni zamanda bu buraxılışın Azərbaycan Kapital Bazarını stimullaşdıraraq, daha böyük uğurlara vəsilə olacağı qeyd edilib.

Tədbir sual-cavab əsasında davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə