Maliyyə Nazirliyi məlumat yayıb

Azərbaycan Maliyyə Nazirliyi 2016-cı ilin doqquz ayı üzrə dövlət büdcəsinin icrasına dair məlumat açıqlayıb. SİA-nın məlumatına görə, nazirliyin açıqlamasında bildirilir ki, 2016-cı ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 10103,1 mln. manat, xərcləri 10622,2 mln. manat olub, 519,1 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranıb.

2016-cı doqquz ayında dövlət büdcəsinin mədaxili 12098,3 mln. manat proqnoza qarşı 10103,1 mln. manat və ya 16,5 faiz az icra olub.

Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 100,2 faiz icra edilməklə dövlət büdcəsinə 4926,3 mln. manat vəsait təmin edilib.

Həmin vəsaitin 78,0 faizi (ötən ilin eyni dövrünə nisbətən 9,6 faiz-bənd çox) və ya 3843,8 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2015-ci ilin eyni dövrünə nisbətən 374,6 mln. manat və ya 10,8 faiz çoxdur.

2016-cı ilin doqquz ayında Dövlət Gömrük Komitəsi proqnoza 125,6 faiz əməl edərək dövlət büdcəsinə 1653,8 mln. manat vəsait təmin edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 529,6 mln. manat və ya 47,1 faiz çoxdur.

Dövlət Neft Fondundan dövlət büdcəsinə 3260,0 mln. manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 2370,5 mln. manat və ya 42,1 faiz azdır.

Cari ilin iyul -sentyabr ayları üzrə dövlət büdcəsinin xərcləri 3800,7 mln. manat icra olunub.

Cari ilin doqquz ayında icmal büdcənin gəlirləri 14951,0 mln. manat, icmal büdcənin xərcləri isə 12623,4 mln. manat icra olunub. İcmal büdcənin artıqlığı 2327,6 mln. manat təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə