Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə 06 aprel 2016-ci il tarixində Xaçmaz rayonunda "Yaz tarla işlərinə hazirliq və kənd təsərrüfati bitkilərinin məhsuldarliğinin yüksəldilməsi üçün qarşıda duran vəzifələr" mövzusunda Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarından olan 300-ə yaxın fermer və sahibkarlarların iştirakı ilə regional müşavirə keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, müşavirədə Nazirliyin Bitkiçilik şöbəsinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, Dövlət Fitosanitar Nəzarət Xidmətinin, "Aqrolizinq" ASC-nin, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin əməkdaşları, eləcə də yerli icra hakimiyyəti orqanlarının nümayəndələri də iştirak edib.

Tədbirin açılışında kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev çıxış edərək, ölkə başçısı tərəfindən aqrar sahəyə göstərilən diqqət və qayğı, son iki ildə Nazirlikdə görülən işlər və əldə edilən nailiyyətlər, subsidiyaların verilməsində şəffaflığın təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər və ümumilikdə kənd təsərrüfatının inkişafı üçün qarşıda duran əsas vəzifələrlə bağlı ətraflı məlumat verib.

Müşavirədə Nazirliyin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov "Yaz tarla işlərinin vaxtında və keyfiyyətlə aparılmasının kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsində rolu" mövzusunda təqdimatla çıxış edərək kənd təsərrüfatı bitkiləri üçün tövsiyə olunan müasir becərmə texnologiyalarının tətbiqnin vacibliyindən, eyni zamanda payızlıq taxıl sahələrinə yemləmə gübrələrinin verilməsi, alaq otlarına qarşı mübarizə və digər torpaq becərmə işlərinin optimal müddətdə aparılmasının gələcək yüksək məhsulun təməlinin qoyulmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

"Taxıl toxumçuluğu sahələrində aqrotexniki qulluq işlərinin təşkili" mövzusunda –Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov təqdimatla çıxış edərək məhsul istehsalçılarına toxumluq sahələrə gübrələrin verilməsini və alaq otlarına qarşı səmərəli mübarizə aparılmasını bildirib.

Tədbirdə iştirak edən Nazirliyin digər qurumlarının nümayəndələri də taxıl toxumçuluğu, zərərli orqanizmlərlə mübarizə tədbirlərinin düzgün təşkili və texniki təminatın yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər barədə təqdimatla çıxış ediblər.

Tədbir tarla şəraitində payızlıq taxıl sahələrinə yemləmə gübrələrinin verilməsi, alaq otlarına qarşı kimyəvi mübarizə və səpinqabağı becərmədə istifadə olunan müxtəlif təyinatlı, müasir kənd təsərrüfatı texnikalarının əyani şəkildə nümayişi ilə davam etdirildi. Fermerləri maraqlandıran məsələlər onlara izah olundu, fikir mübadiləsi aparıldı, əkin sahələrinin lazımi səviyyədə becərilməsi üçün müvafiq tövsiyələr verilib.

Tədbirin sonunda fermerlər kənd təsərrüfatı sahəsinə göstərdiyi dəstəyə görə Ölkə Prezidentinə, eyni zamanda Kənd Təsərrüfatı Nazirliyinə öz minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...