DSMF sədri: "Sosial sığorta ilə bağlı dəyişikliklər təxirə salınıb"

DSMF sədri: "Sosial sığorta ilə bağlı dəyişikliklər təxirə salınıb"

"Pensiya İslahatı Konsepsiyası ilə qəbul edilmiş mühüm istiqamətlərindən biri də sosial sığorta haqlarının normativ strukturuna yenidən baxılması məsələsi idi. Bu məqsədlə Fond Dünya Bankı ilə birgə aktuar tədqiqatlar layihəsini reallaşdırıb". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib.

O bildirib ki, həmin tədqiqatların əsas istiqamətlərindən biri kimi sosial sığorta haqlarının normativ strukturunun dəyişdirilməsi ilə bağlı müəyyən simulyasiyaların verilməsi olub: "Apardığımız tədqiqatlar hazırkı mərhələdə bu nisbətin dəyişdirilməsinin hər hansı sistem xarakterli səmərə verməsinin gözləntilərini ortaya qoymayıb. Yəni, tədqiqat göstərir ki, hazırkı iqtisadi müstəvidə sosial sığorta haqlarının strukturunun dəyişdirilməsi Fondun ümumi daxilolmalarına elə də müsbət təsir etməyəcək. Əksinə, əhalinin gəlirlərinin və orta aylıq əmək haqqının hazırkı səviyyəsində işçi üzərinə düşən yükün artırılması müəyyən mənada mənfi təsirlər yarada bilər. Bu baxımdan bizim hazırladığımız qanunvericiliyə dəyişiklik layihəsində qeyd edilən məsələ hələ ki, təxirə salınıb. Bu məsələnin reallaşdırılması üçün ilk növbədə iqtisadi səmərənin olması vacib şərtlərdən biridir. Orta aylıq əmək haqqının hazırkı səviyyəsində işçi üzərinə hər hansı bir yükün qoyulması, yəni ondan tutulan sosial sığorta haqqının artırılması müəyyən narazılığa səbəb ola bilər. Daha doğrusu, işçilərin sosial vəziyyəti buna hələ hazır deyil. Bu baxımdan bu qərar hələ ki, təxirə salınır".

Bütün xəbərlər Facebook səhifəmizdə