Qüdrət Həsənquliyev: "Təcili özəlləşdirmə prosesinə başlanılmalıdır"

Qüdrət Həsənquliyev: "Təcili özəlləşdirmə prosesinə başlanılmalıdır"

"Ölkədə təcili özəlləşdirmə prosesinə başlanılmalıdır". SİA-nın məlumatına görə, bu sözləri deputat Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

O qeyd edib ki, büdcəyə özəlləşdirmədən cəmi 100 milyon manatın daxil olması nəzərdə tutulur ki, bu da kiçik rəqəmdir: "İdman kompleksləri tikilib. Gələcəkdə onların saxlanması büdcədə öhdəlik yaradacaq. Bu müəssisələr indidən özəlləşdirilməlidir. Ali təhsil müəssisələrinin, regionlarda hava limanlarının özəlləşdirilməsi aparılmalıdır. Hava limanlarının özəlləşdirilməsi, həm də hava şirkətləri arasında rəqabət imkanlarını genişləndirər. Bu gün sahibkarlar gözləmə mövqeyi tutublar. İdxal aparan sahibkarlar 36 faiz rüsumun azaldılmasını gözləyirlər. Çünki bu, onlar üçün yüksək rəqəmdir".

Millət vəkili sahibkarlıq subyektlərinin kreditlərə çıxış imkanlarından söz açıb: "Banklar kreditləri demək olar ki, dollarla təqdim edirlər. Bu da növbəti devalvasiyanın baş verəcəyi ilə bağlı riskləri nəzərə aldıqda sahibkar üçün təhlükəlidir. Odur ki, dollarla kredit götürmür, gözləmə mövqeyində dururlar. İqtisadiyyat Nazirliyi açıqlama verməlidir ki, hansı vəziyyət var və bundan çıxış yolları nədən ibarətdir. Əlbəttə, bu, sahibkarlıq atmosferinə müsbət təsir göstərər".

Vitse-spiker Ziyafət Əsgərov isə deyib ki, Azərbaycanda iqtisadi böhran deyil, iqtisadi çətinliklər var: "Hökumətin konsepsiyaları var və bu çətinliklərdən çıxacağımızı görəcəksiniz".

Bütün xəbərlər Facebook səhifəmizdə