Deputat: "Yeni büdcə Milli Məclisə təqdim olunacaq" AÇIQLAMA
"2016-cı ilin yenilənmiş dövlət büdcəsi bu yaxınlarda Milli Məclisə təqdim olunacaq". SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.
Deputat bildirib ki, büdcənin parametrləri barədə kifayət qədər məlumat verilib: "Onun ana xətti ondan ibarətdir ki, o qədər də zəruri olmayan layihələrin icrası dayandırılacaq. Dövlət başçısının tapşırığına əsasən, heç bir sosial proqramın icrası dayandırılmayacaq. Ümumilikdə, büdcədə sosial xarakterli xərclər əhəmiyyətli dərəcədə artacaq. Dövlət Neft Fondundan transfertlər azalacaq. Büdcə kəsiri buraxılan istiqrazlar, kompleks özəlləşdirilmə və s. bu kimi addımlar hesabına bağlanacaq".
Ziyad Səmədzadə həmçinin onu da qeyd edib ki, dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, qeyri-neft sektorunun dinamik inkişafı nəticəsində biz büdcə gəlirlərinin formalaşmasında problemləri aradan qaldırmağa meyllənmişik: " Gələcək büdcə gəlirlərimiz birmənalı şəkildə qeyri-neft sektorunun inkişafı ilə əlaqədardır. Biz sahibkarlığın inkişafına xidmət edən bir sıra qanunlar qəbul etmişik və bundan sonra da bir neçəsini qəbul etməyi düşünürük. Bununla yanaşı, sahibkarların fəaliyyətinə müdaxilələrin aradan qaldırılması öz müsbət nəticəsini verir. Ölkə başçısının tapşırığına əsasən, regionlarda inkişaf, yeni iş yerlərinin açılması prosesi sürətləndirilib. Başqa sözlə, neftin kəskin ucuzlaşmasına baxmayaraq, iqtisadi inkişafımız davam edəcək. Bəzən bir sıra təşkilatlar təhlillər, iqtisadi araşdırmalar aparmadan kadr ixtisarları aparırlar. Azərbaycanda demoqrafik şərait əlverişlidir, əmək ehtiyatları kifayət qədərdir. İxtisarlar deyil, artan əmək ehtiyatları müqabilində yeni iş yerləri yaradılmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB