İçməli suya olan tələbat ödənilir

Cari ildə Qaxın kəndlərində 4 subartezian və 8 artezian quyu istifadəyə verilib
İçməli suya olan tələbat ödənilir

Rayon yerlərində əhalinin içməli suya olan tələbatının ödənilməsi, həmçinin əkin və həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Təsadüfi deyildir ki, bu sahədə mövcud problemlərin aradan qaldırılması məqsədilə son dövrlər Prezident İlham Əliyev tərəfindən bir neçə sərəncam imzalanıb. Prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına respublikamızın ayrı-ayrı rayonlarının yaşayış məntəqələrində yüzlərlə artezian və subartezian quyu qazılaraq əhalinin istifadəsinə verilib.

Son illər Qax rayonunda da bu sahədə xeyli iş görülüb. Azərbaycan Prezidentinin 2014-cü il 25 dekabr tarixli Sərəncamına əsasən, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə cari ildə Qax rayonunun kəndlərində 12 ədəd subartezian və artezian quyunun qazılması nəzərdə tutulub.

Rayon Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Nəzir Mustafayevin verdiyi məlumata görə, sözügedən Sərəncamın icrası artıq tam yekunlaşıb. İlin əvvəlindən indiyədək rayonun kəndlərində 4 ədəd subartezian və 8 ədəd artezian quyu qazılaraq əhalinin istifadəsinə verilib. Baş mühəndisin bildirdiyinə görə, Prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına 2014-cü ildə də rayonun kəndlərində 12 ədəd artezian və subartezian quyular qazılaraq istismara verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə