Səbail rayonunda YAP-ın 23 illiyi qeyd edildi FOTOLAR

Səbail rayonunda YAP-ın 23 illiyi qeyd edildi FOTOLAR

"Fairmont Baku" otelində Səbail rayon icra hakimiyyəti və YAP Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının 23 illiyi qeyd olunub. SİA-nın verdiyi məlumata görə, ilk öncə dövlət himni səslənib.

YAP İdarə Heyəti və Siyasi Şurasının üzvlərinin, millət vəkillərinin, tanınmış ziyalıların və media nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev ilk öncə tədbir iştirakçılarını YAP-ın yaradılmasının 23-cü ildönümü münasibətilə təbrik edib. Qazanılan uğurların əldə edilməsinin prinsipial əsaslarını diqqətə çatdıran Ş.Hacıyev YAP-ın 23 illik fəaliyyəti dövründə sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirdiyini vurğulayıb. 23 il ərzində YAP-a xalqın sevgisinin, dəstəyinin inkaredilməz olduğunu bildirən rayon təşkilatının sədri qeyd edib ki, 1992-ci ildə ağır duruma düşən Azərbaycan xalqının vəziyyətini, o dövrün hadisələrini yaxşı xatırlayırıq: "Xaos, anarxiya vəziyyətində olan bir ölkəyə güclü və uzaqgörən bir şəxsin rəhbərliyə gətirilməsi əsas şərt idi. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Ulu Öndər Heydər Əliyevə müraciət göndərildi. "91-lər"in müraciəti kimi daxil olmuş həmin sənəd, əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Ümummilli Lider Heydər Əliyev bu müraciətə cavabı ilə müstəqil dövlətimizin gələcək taleyini müəyyənləşdirdi, YAP-ın obyektiv zərurətdən yarandığını bildirərək, belə bir təşkilatın fəaliyyətində iştiraka hazır olduğunu bəyan etdi. 1992-ci il noyabrın 21-də Azərbaycanın əksər bölgələrindən cəmiyyətin bütün təbəqələrini təmsil edən 550 nümayəndənin iştirakı ilə təsis konfransını keçirən Yeni Azərbaycan Partiyasının sıralarında bu gün 650 mindən çox üzvün birləşməsi Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə inamın göstəricisidir".

Ş.Hacıyev ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, Azərbaycanın uğurlarından geniş bəhs edib. Bildirib ki, Azərbaycanın hazırda ən yüksək zirvələri fəth etməsi Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Bu gün Azərbaycanın hər bölgəsi, qəsəbəsi inkişaf, tərəqqi dövrünü yaşayır: "YAP-ın hakimiyyətdə olduğu illərdə Azərbaycanın iqtisadiyyatı inkişaf etmiş, bütün sahələrdə əhəmiyyətli dəyişikliklər baş vermişdir. Ölkəmizin hər bir vətəndaşının həyatında, yaşayış səviyyəsində ciddi irəliləyişlər əldə olunmuşdur. Azərbaycan bölgəmizin ən güclü dövlətinə çevrilmişdir. Azərbaycanın uğurları yalnız bölgənin güclü dövlətinə çevrilməsi ilə məhdudlaşmır. Ölkəmiz eyni zamanda beynəlxalq aləmdə yeri və rolunu artırmışdır."

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək bildirib ki, YAP Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli yer tutan partiyadır: "Cəmiyyətimizin avanqard hissəsi YAP-da birləşib. Partiya Azərbaycanın çətin və böhranlı bir dövründə yaranıb. Həmin dövrdə Azərbaycan xalqının, hətta deyərdim ki, bəxti onda gətirdi ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanda bu missiyanı yerinə yetirdi. Belə bir liderimizin həmin böhranlı dövrdə siyasi arenada olması və bu missiyanı öz üzərinə götürməsi tarixi hadisə idi".

M.Qurbanlı, həmçinin partiyanın qələbələrini şərtləndirən əsas amillərə də toxunaraq bildirib ki, Yeni Azərbaycan Partiyası 1993-cü ildən prezident, parlament və bələdiyyə seçkilərində iştirak edir: "YAP bütün seçkilərdə qalib partiya kimi xalq tərəfindən dəstəklənib, 1 noyabr parlament seçkilərində də partiyanın irəli sürdüyü namizədlər üstünlk təşkil edib. Bu gün hakim partiyanın 700 mindən çox üzvü var. Belə bir gücə malik olan partiyanın seçkilərdə uğur qazanması aksiomdur. Bütün bunlar YAP-ın yerli strukturları ilə İcra Katibliyi arasında sıx əlaqələrin və müəyyən mənada ideal idarəçilik sisteminin yaradılması, dövlət idarəçiliyində çalışan partiya üzvlərinin fəaliyyətinin yüksək səviyyədə olmasıdır, xalqla hakimiyyətin vəhdətidir, eləcə də Prezident İlham Əliyevin siyasətinə, Onun şəxsiyyətinə Azərbaycan xalqının böyük rəğbətidir. Hakim partiya istənilən seçkiyə qatılaraq böyük uğur qazanmaq iqtidarına malik bir partiyadır".

Millət vəkili, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov bu gün öz inkişaf dövrünü yaşayan, dünyada nümunəvi dövlət kimi tanınan müstəqil Azərbaycan hazırkı mərhələyə heç də asan yolla çatmadığını vurğulayıb: "Yeni Azərbaycan Partiyası yarandığı 23 illik tarixi ərzində ölkəmizin tərəqqi yolunda əvəzsiz rolu və yeri olan YAP artıq xalqın partiyası kimi şərəf səhifəsinə öz imzasını qoyub. Məhz bu baxımdan, vurğulamaq yerinə düşərdi ki, müasir və müstəqil Azərbaycanın dinamik inkişafının əsasının qoyulması, sarsılmaz ictimai-siyasi sabitliyin, milli həmrəyliyin təmin olunmasında hakim partiyanın rolu danılmaz həqiqətələrə söykənir. Bu, o dövr idi ki, həmin dövrdə Azərbaycan həm də müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi, ölkədə vətəndaş qarşıdurması yaranmışdı. Bu baxımdan, nə yaxşı ki, həmin dövrdə xalqımızı düşdüyü bu çətinliklər və faciələrdən xilas edəcək dahi şəxsiyyət Heydər Əliyev var idi. Ümummilli Lider o zaman ilk növbədə Naxçıvan Muxtar Respublikasını xilas etdi".

"Müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir", - fikrini deyən Fəttah Heydərov onu da bildirib ki, xalqımız bu siyasətin ətrafında birləşməklə yanaşı, Yeni Azərbaycan Partiyasının uğur və qələbə əldə etməsi üçün bu siyasi təşkilata dəstək verir, bu siyasətə səs verir. Biz bunu ötən dövrdə keçirilən bütün seçkiərdə görmüş, şahidi olmuşuq. Çox sevindirici haldır ki, Ümummilli Liderimiz Heydər Əliyevin siyasəti Onun layiqli davamçısı, siyasi varisi, Yeni Azərbaycan Partiyasının Sədri, Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən zaman birmənalı şəkildə göstərdi ki, Ümummilli Liderimiz Heydər Əliyevin fiziki yoxluğu dövründə ölkəsini, millətini, xalqını düşünüb, müstəqilliyimizin əbədi olması uğrunda qətiyyətlə mübarizə apara biləcək Lider məhz İlham Əliyev Cənablarıdır".

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Bahar Muradova bildirib ki, YAP-ın yaradılmasının 23 illiyinin ən başlıca mənası partiyanın qarşıya qoyduğu amalların reallaşmasının nəticəsi kimi bu gün gerçəkliyə çevrilmiş Azərbaycandır: "YAP öz üzərinə götürdüyü amalları, insanların ona bağladığı ümidləri doğruldaraq Azərbaycan vətəndaşlarının Heydər Əliyevdən və Onun yaratdığı partiyadan gözlədikləri nə varsa, hər birini həyata keçirə bildi".

B.Muradova onu da vurğulayıb ki, Yeni Azərbaycan Partiyası hazırda Azərbaycan siyasi sisteminin aparıcı siyasi qüvvəsi kimi çıxış edir və öz sıralarında cəmiyyətin bütün təbəqələrinin nümayəndələrini birləşdirir: "Təbii ki, geridə qoyduğumuz 23 illik zaman kəsimində xalqımızın yüksək etimadını qazanan Yeni Azərbaycan Partiyası hazırda da həmin etimad sayəsində fəaliyyətini uğurla davam etdirməkdədir. Lakin onu da qeyd edək ki, partiyanın gücü yalnız onun sıralarında olan insanların sayı ilə ölçülmür. Yeni Azərbaycan Partiyasının gücü bu gün Azərbaycanın milli gücü, qüdrəti kimi xarakterizə edilir. Xalqımızın mütləq əksəriyyəti YAP-ın avanqard rolunu, onun təkamül yolu ilə ölkəmizi uğurdan-uğura apardığını qəbul edir, bundan qürur duyaraq hər zaman ona dəstək verir. Təsadüfi deyil ki, Azərbaycan ictimaiyyətinin birmənalı şəkildə dəstəklədiyi Yeni Azərbaycan Partiyası bu zamana qədər qatıldığı bütün seçkilərdə qələbə qazanıb. Əlbəttə, sadalananlar təsadüfi deyil, çünki məhz Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dinamik inkişaf edən, beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınan bir dövlətə çevrilib".

YAP İdarə Heyətinin üzvü, millət vəkili Eldar İbrahimov partiyanın yaranma tarixindən və 23 ildə keçdiyi inkişaf yolundan geniş bəhs edib. Bildirib ki, 23 il bundan öncə 1992-ci il noyabrın 21-də yaradılan Yeni Azərbaycan Partiyası təsis konfransını Naxçıvanda keçirdi: "Bu gün biz YAP-ın yaradılmasının 23-cü ildönümünü qeyd edirik. Ötən 23 il ərzində ictimai həyatımızın bütün sahələrini əhatə edən dövlət quruculuğu məsələləri asan və rəvan yollarla getməmiş, obyektiv və subyektiv səbəblərdən irəli gələn problemlərin aradan qaldırılması üçün böyük iradə tələb olunmuşdur. Çətinliklərə baxmayaraq, müasir Azərbaycan cəmiyyəti ictimai, siyasi və iqtisadi zəmində baş verən sosial gərginliklərə sinə gərmiş, ölkə parçalanmaq təhlükəsindən xilas olaraq öz müstəqilliyini qoruyub saxlaya bilmişdir. Bütün bunlar isə yalnız və yalnız XX əsrin görkəmli dövlət xadimi, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində mümkün olmuşdur. Müasir, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev, eyni zamanda, ən yeni tariximizin çətin anlarından şərəflə çıxmış və müstəqilliyimizin gerçəkləşməsində, ictimai-siyasi həyatımızın bütün istiqamətləri üzrə inkişafın təmin edilməsində qarant rolunu oynamışdır. Ulu Öndərimizin qurduğu Azərbaycan ona görə daim yaşayacaqdır ki, Heydər Əliyev hələ sağlığında öz siyasi məktəbini yaratmış və bu siyasi məktəbin layiqli davamçısı Cənab İlham Əliyevin son on ildə rəhbərliyi sayəsində Azərbaycan biri-birindən əhəmiyyətli uğurlara imza atır. XXI əsr dünya siyasi arenasında özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev Azərbaycan dövlətçiliyinin əsl qarantına çevrilib."

Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov görüşdə çıxışı zamanı bildirib ki, Yeni Azərbaycan Partiyasının keçdiyi 23 illik yol şərəfli tarixdir: "Yeni Azərbaycan Partiyası və onun yaradıcısı Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyununda - son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürməsəydi, biz çətin ki, bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycandan danışa bilərdik. Olduqca çətin bir şəraitdə yaranmış bu partiyanın çox qısa bir müddətdə əsl siyasi qüvvə kimi formalaşması, minlərlə insanın onun sıralarında birləşməsi bu gün bir daha Heydər Əliyev fenomeninin, dühasının qüdrətindən xəbər verir".

E.Əzizov vurğulayıb ki, 2003 -cü ildən alternativi olmayan bu siyasəti inamla davam etdirən Prezident İlham Əliyevin ötən 12 ildəki əzmkar fəaliyyəti Azərbaycanın onilliklərə bərabər inanılmaz bir inkişaf yolu keçməsini təmin etməklə yanaşı, Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki alternativsiz qüvvə statusunu möhkəmləndirmişdir: "YAP-ın güclü siyasi partiya kimi özünü təsdiqləməsi həm də Cənab İlham Əliyevin yüksək liderlik keyfiyyətləri ilə şərtlənir. Bu gün böyük inam hissi ilə qeyd edirik ki, Azərbaycan beynəlxalq əməkdaşlıq mərkəzinə çevrilib. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlər malik olduğumuz imkanların dünyaya təqdimatında əhəmiyyətli rol oynamaqla yanaşı, əməkdaşlıq əlaqələrinin inkişafına da böyük töhfədir".

E.Əzizov çıxışında qeyd edib ki, Azərbaycan bu gün böyük inkişaf dövrünü yaşayır: "Güclü, qüdrətli Azərbaycan 50 milyonluq azərbaycanlının qürur mənbəyidir. Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Azərbaycan dünyada söz sahibinə çevrilib. Ölkəmiz beynəlxalq tədbirlərin keçirlməsi üçün əsas məkandır. Azərbaycanı qarşıda daha böyük uğurlar gözləyir. Prezident İlham Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası həmin vəzifələri də yüksək səviyyədə yerinə yetirmək iqtidarındadır. YAP bundan sonra da ölkənin qüdrətinin artması, iqtisadiyyatının yüksəlməsi, insanların rifah halının yaxşılaşması kimi şərəfli bir vəzifəni öz çiyinləri üzərində daşımaq iqtidarında olduğunu bəyan edir".

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə