Mosul kəndinə ilk dəfə təbii qaz verilib

Mosul kəndinə ilk dəfə təbii qaz verilib

Qış fəsli yaxınlaşdıqca,əsasən dağ rayonlarımızda istiliyə olan tələbat da artır. Artıq son vaxtlar kəndlərin qazlaşdırılması işləri sürətlənib. Bu gün Zaqatalanın Mosul kəndinə ilk dəfə təbii qaz verilib.

Bu münasibətlə keçirilən tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, "Azəriqaz " İstehsalat Birliyinin, rayon icra hakimiyyətinin təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Təbii qazın verilməsi münasibətilə təşkil olunan tədbirdə bildirilib ki, 685 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 3915 metr müxtəlif diametrli polietilen və 36622 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Abonentlərin sayına uyğun olaraq 685 ədəd sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Tədbirdə çıxış edən Rövnəq Abdullayev əlamətdar hadisə münasibəti ilə kənd sakinlərini təbrik edib,son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş tədbirlərdən danışıb. SOCAR Prezidenti jurnalistlərə açıqlamasında yanvar ayının 1-dən etibarən bütün texniki şərtlərin Asan Xidmətə veriləcəyini bildirib.

Artıq Zaqatala rayonunun 24 kəndi, bu ilin əvvəlindən isə 8 yaşayış məntəqəsi mavi yanacaqla təmin olunub. Sonda təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılıb.

İlkin Akifoğlu, Zaqatala

Bütün xəbərlər Facebook səhifəmizdə