"Sahibkarlığın inkişafında yeni bir mərhələ gözlənilir" AÇIQLAMA

"Sahibkarlığın inkişafında yeni bir mərhələ gözlənilir" AÇIQLAMA

"Prezidentin sahibkarlıqla bağlı göstəriş və tapşırıqlar verməsi Azərbaycanda sahibkarlığın inkişafında yeni bir mərhələnin başlanacağını qoyacaq". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Vüqar Bayramov Prezident İlham Əliyevin 2015-ci ilin doqquz ayın sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda sahibkarlıqla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

İqtisadçı ötən iclasda prezidentin sahibkarların yaşadığı problemlərlə bağlı tapşırıq və göstərişlər verməsini onun bu sahəyə olan böyük diqqəti kimi qiymətləndirib. Onun sözlərinə görə, əsas məsələ sahibkarların üzləşdiyi 3 qrup problemdədir: "Sahibkarların fəaliyyətinə həddən artıq yersiz müdaxilə edilir. Yoxlama hüququ olmayan qurumların sahibkarın fəaliyyətini yoxlaması, onlardan ödənişlər tələb etməsi sahibkarlar üçün əlavə xərc və fəaliyyətləri üçün əlavə çətinliklər yaradır.

İkinci bir məqam isə sahibkarlara təklif edilən lisenziyaların çox olmasıdır. Tələb çox olması sahibkarların fəaliyyətinə mənfi təsir göstərir. Üçüncü bir problem isə iqtisadiyyatda monopoliyanın olmasıdır. Bu iqtisadiyyatda rəqabəti əngəlləyən və sahibkarlığın inkişafını mane olan faktorlardandır".

Vüqar Bayramov qeyd edib ki, bu problemlərin cənab Prezident tərəfindən səsləndirilməsi və onların həlli ilə bağlı göstərişlərin verilməsi çox müsbət bir haldır: "Bu bir daha təsdiq etdi ki, prezident sahibkarların yanındadır və onların problemlərindən xəbərdardır. Hər halda prezidentin sahibkarların fəaliyyəti ilə bağlı göstəriş və tapşırıqlar verməsi Azərbaycanda sahibkarlığın inkişafında yeni bir mərhələnin başlanacağını qoyacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə