Naxçıvanın kənd təsərrüfatı məhsulları özünün yüksək keyfiyyəti ilə seçilir

Naxçıvanın kənd təsərrüfatı məhsulları özünün yüksək keyfiyyəti ilə seçilir

Qəbul edilmiş Dövlət proqramlarının icrası və kənd təsərrüfatı infrastrukturunun yaxşılaşdırılması hesabına muxtar respublikada əkinçilik, heyvandarlıq, quşçuluq sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilib. İftixarla demək olar ki, muxtar respublika istehsal etdiyi kənd təsərrüfatı məhsullarının keyfiyyətinə görə istənilən ölkə ilə rəqabət apara bilər.

Naxçıvan Dövlət Universitetində "Kənd təsərrüfatının inkişafı: reallıqlar və perspektivlər" mövzusunda keçirilən beynəlxalq konfransda bu sözləri universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov deyib.

Türkiyənin Atatürk, Qafqaz və İğdır universitetlərinin, Gürcüstanın Şota Rustaveli adına Batumi Dövlət Universitetinin də təmsil olunduğu beynəlxalq konfransda geniş məruzə ilə çıxış edən S.Məhərrəmov müasir dövrdə Azərbaycanda aparılan aqrar islahatların uğurlarından, bu sahə üzrə müəyyənləşdirilən dövlət strategiyasından, Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafına göstərilən dövlət qayğısından, görülən işlərdən danışıb.

Rektor kənd təsərrüfatı məhsullarının ərzaq təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, ekoloji cəhətdən təmiz məhsulların əldə olunması və satışı istiqamətində qarşıda duran vəzifələrdən söz açaraq, keçirilən beynəlxalq konfransın mövcud problemlərin elmi həllində mühüm rol oynayacağını vurğulayıb.

Saleh Məhərrəmov "Naxçıvan Muxtar Respublikasında helmintozların qoyunçuluğa vurduğu iqtisadi zərər və onun qarşısının alınması yolları" ilə bağlı elmi məruzəsində isə zərərvericilərin vurduğu iqtisadi zərərdən xilas olmaq, insanların qida vasitəsilə infeksion xəstəliklərə yoluxmasının qarşısını almaq üçün istifadə olunan mövcud üsullardan və digər məsələlərdən ətraflı bəhs edib.

Regionda kənd təsərrüfatının müxtəlif sahələrinin sürətli inkişafından, əldə olunan nəticələrdən danışan Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev qeyd edib ki, son illər muxtar respublikada ümumi sahəsi 105 min kvadratmetrdən artıq olan istixana kompleksləri, ümumi tutumu 12 min 250 ton olan soyuducu anbarlar, tutumu 27 min ton olan uzunmüddətli və 43 min ton olan qısamüddətli taxıl ehtiyatı anbarları, 17 taxıl emalı müəssisəsi, 222 heyvandarlıq, 64 quşçuluq, 94 arıçılıq, 12 balıqçılıq, 68 bağçılıq və üzümçülük təsərrüfatları yaradılıb.

Aparılan məqsədyönlü tədbirlər nəticəsində 2014-cü ildə muxtar respublika üzrə 103 min ton taxıl, 41 min 406 ton kartof, 66 min 731 ton tərəvəz, 34 min 339 ton bostan, 36 min 196 ton meyvə, 14 min 395 ton üzüm istehsal edilib. Bütövlükdə 2014-cü ildə kənd təsərrüfatının ümumi məhsulunun dəyəri 355 milyon 157 min manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,1 faiz çoxdur.

Konfransın plenar iclasında AMEA Mikrobiologiya İnstitutunun direktoru, akademik Məmməd Salmanovun "Azərbaycanın Xəzər sektorunun üzvi maddələr balansının müasir ekoloji vəziyyəti", Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti rəisi Əbil Əbilovun "Naxçıvanda baytarlığın müasir vəziyyəti" mövzularında məruzələri dinlənilib.

Diskussiya şəraitində keçən plenar iclas maraqlı elmi müzakirələrlə yekunlaşıb.

Konfrans bölmə iclasları ilə işini davam etdirib.

Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.

Daha sonra qonaqlar Naxçıvan Dövlət Universitetinin kampusunu gəzib, müasir texnologiyalarla təchiz olunmuş universitet televiziyasında və digər struktur bölmələrdə olublar.

Konfrans iştirakçıları, həmçinin muxtar respublikanın heyvandarlıq komplekslərində, istilikxanalarda olublar. Təsərrüfatlarla tanışlıq zamanı qonaqlar ət və süd məhsulları istehsalı, heyvan xəstəliklərinə qarşı epizootik tədbirlərin aparılması, əkin sahələrində suvarılma və becərmə işləri ilə maraqlanıblar.AZƏRTAC

Bütün xəbərlər Facebook səhifəmizdə