"Vergidən yayınan şirkətlər var". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, Azərbaycanda vergi ödəmə mədəniyyəti hələ də inkişaf etməyib və hələ də vergi ödəməyən şirkətlər var: "Vergilər Nazirliyi son dövrlər qeyri - leqal iqtisadiyyatın leqallaşdırılması, vergidən yayınmanın qarşısının alınması ilə bağlı xeyli tədbirlər görür. Nəzərə alsaq ki, bu gün bütövlükdə dövlət büdcəsinin gəlirlərinin 35 faizini qeyri-neft sektoru təşkil edir, bu o deməkdir ki, qeyri-neft sektoru vergidən yayınma hallarının qarşısının alınması hesabına praktik olaraq dövlət büdcəsindəki payını artıra bilir. Eyni zamanda etiraf etmək lazımdır ki, təəssüf ki, hələ də Azərbaycanda vergi ödəmə mədəniyyəti tam olaraq formalaşmayıb. Müşahidələr göstərir ki, vergidən yayınan şirkətlər var".
Ekspert onu da əlavə etdi ki, Azərbaycanda Vergilər Nazirliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir, bu da vergidən yayınma problemlərinin kifayət qədər ciddi şəkildə azalmasına gətirib çıxaracaq: "Hazırda Azərbaycanda Vergilər Nazirliyi vergi sisteminin elektronlaşması baxımından keçmiş MDB-də birmənalı şəkildə liderdir və MDB-nin digər ölkələrində Azərbaycanın vergi sistemi qədər elektronlaşma tətbiq edilməyib. O baxımdan vergidən yayınmanın qarşısının alınması üçün biz də elektronlaşmanın davam etdirilməsinin tərəfdarıyıq, vergi sistemində elektronlaşmanın davam etdirilməsinə ehtiyac var. Vergilər Nazirliyi vergi yığımları, digər xidmətlərin elektronlaşdırılmasını həyata keçirə bilir. Bu baxımdan vergi sisteminin elektronlaşması ilə bağlı fəaliyyətlərin davam etdirilməsinə ehtiyac var. Vergidən yayınma hallarına qarşı cərimələrin artırılması məqsədə uyğundur, çünki cərimənin artırılması sahibkarlarlar haqqında vergidən yayınmanın qarşısının alınmasına gətirib çıxara bilər. Vergi yığımında birmənalı şəkildə inzibati metodlar olduqca vacibdir. İnzibati metodlardan istifadə edilməsini təklif edirik və eləcə də sahibkarların maarifləndirilməsi, verginin əhəmiyyəti ilə bağlı onlar arasında maarifləndirici təbliğat xarakterli işlərin görülməsinə ehtiyac var. Çünki bütün bunlar eyni zamanda imkan verir ki, sahibkarlarda vergi ödəmə mədəniyyəti formalaşsın. Bütünlükdə vergidən yayınma hallarının qarşısının alınması ilə bağlı Azərbaycanda Vergilər Nazirliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir və 2014-2015-ci ilin birinci rübündə həyata keçirilən tədbirlər birmənalı şəkildə növbəti dövrdə də Azərbaycanda iqtisadiyyatın leqallaşmasına və vergidən yayınma problemlərinin kifayət qədər ciddi şəkildə azalmasına gətirib çıxaracaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB