Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neft Dağılmalarının Xəbərdarlığı və Ləğvi Planı"na əsasən "Günəşli" yatağındakı 8 saylı özüldə təlim-məşq keçirilib. Dövlət Neft Şirkətindən SİA-ya verilən xəbərə görə, kompleks Qazma İşləri Trestinin istehsalat bölümlərinin obyektlərində baş verə biləcək neft və neft məhsulları dağılmalarının aradan qaldırılması məqsədilə təşkil edilmiş məşqdə SOCAR-ın Baş ofisinin, Fövqəladə Hallar Nazirliyinin, eləcə də "Azneft" İB-nin, Ekologiya İdarəsinin nümayəndələri iştirak ediblər. Trestin Ətraf mühitin mühafizəsi və Ekologiya şöbəsinin təşkilatçılığı ilə keçirilən təlim-məşq zamanı özüldə olan işçi heyətə neft və neft məhsulları dağılmalarının təsnifatı, onların aradan qaldırılma yolları barədə geniş məlumat verilmiş, xüsusi bukletlər hazırlanaraq iştirakçılara paylanılıb. Məşqdə iştirak edən nümayəndələr əvvəlcədən maarifləndirilib, təlimdə iştirak edən işçi heyət fərdi qaydada təhlükəsizlik texnikası qaydaları ilə təlimatlandırılıb. Məşq zamanı yanacaq çəninin əlaqələndirici xətlərində I səviyyəli neft məhsullarının dağılması baş verdikdə işçi heyətin həmin dağılmanı necə aradan qaldıracağı barədə iştirakçılara geniş məlumat verilib. Neft dağılmasının aradan qaldırılması işlərində dağılmış neft məhsullarının toplanılması məqsədilə xüsusi bentonit əsaslı hopdurucu maddələrdən (sorbentlərdən) istifadə olunmuş, həmin hopdurucu maddələrin tərkibi və xassələri barədə işçi heyət maarifləndirilib. Təlim zamanı ilkin yanğınsöndürmə vasitələri (yanğınsöndürmə balonları, yanğınsöndürmə şlanqları, su çiləmə sistemi) hazır vəziyyətə gətirilib və digər təhlükəsizlik tədbirləri görülüb.
Belə təlim-məşqlərin il ərzində davamlı olaraq qazma işləri aparılan digər özül və meydançalarda da keçirilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB