Əli Məsimli: “Manatın devalvasiyası məsələsi gündəmdə deyil” AÇIQLAMA

Əli Məsimli: “Manatın devalvasiyası məsələsi gündəmdə deyil” AÇIQLAMA

"Manat devalvasiya etdikdən sonra cəmiyyət tərəfindən məzənnə çox həssaslıqla qarşılanır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Əli Məsimli deyib. Onun sözlərinə görə, devalvasiyadan sonra Azərbaycan manatı dövlət tərəfindən tənzimlənir. Mərkəzi Bankın sədrinin Milli Məclisdəki çıxışı haqqında mətbuatda gedən fikirlərə münasibət bildirən millət vəkili onu da əlavə etdi ki, manatın məzənnəsinin tam üzən kurs ssenarisi ilə buraxılması mümkün deyil: "Mətbuatda müxtəlif səpkilərdə münasibətlər bildirilir. Devalvasiyadan sonra Azərbaycan manatı inzibati üsulla tənzimlənməkdə davam edir. Bu hadisədən əvvəl manatın inzibati qaydada tənzimlənməsi ilə dolların manata qarşı məzənnəsi 78 qəpik həcmində müəyyənləşdirilmişdi. Bu məzənnədən aşağı – yuxarı manatın kursu hərəkət edirdi. Lakin, bu ilin Fevralın 1-də 1 dolların məzənnəsi 1 manat 5 qəpik olaraq müəyyənləşdirildi. Müəyyən bir dəhliz çərçivəsində aşağı – yuxarı hərəkət edir. Manatın daha da dəyər itirməməsi üçün Mərkəzi Bank devalvasiyadan sonra yenə də 1 milyard dollardan artıq vəsait xərcləyib. Manatın tam üzən bir kurs senarisi üzrə buraxılması ilə bağlı mətbuatda gedən fikirlər hesab edirəm ki, həqiqətə uyğun deyil. Birincisi məsələ , Mərkəzi Bankın İdarə Heyətinin sədri belə bir söz deməyib, gələcəyin işi kimi qeyd edib. İkinci bir məsələ lap bu sözü deyibsə də, bu fikirlər səhvdir. Çünkü, indiki şəraitdə Azərbaycan manatının bazar münasibətlərinin prinsiplərinə tam 100 faiz cavab verən şəkildə tənzimlənməsi qeyri – mümkündür. Ona görə ki, devalvasiyadan sonra Azərbaycan manatı bilavasitə neftin qiymətindən daha həssas bir vəziyyətə gəlib".

Əli Məsimli onu da ifadə etdi ki, əgər dünya bazarında neftin qiyməti 60 dollardan yuxarı qalxarsa, bu zaman manatın məzənnəsi biraz daha güclənə bilər. Lakin 40 dollardan aşağı qiymət olarsa bu zaman manatı yenidən devalvasiya təhlükəsi gözləyə bilər: "Əgər neftin qiyməti indiki vəziyyətdən, yəni 55- 60 dollardan yuxarı qalxarsa, manat nisbi sabitliyini saxlayar. Ola bilər ki, bir neçə qəpik də möhkəmlənə bilər. Yox əgər neftin qiyməti 55 – 60 dollardan da aşağı düşərsə, onda manatın kursunun aşağı düşməsi prosesi davam edəcək. Əgər neftin qiyməti 40 dollardan da aşağı düşərsə, onda yenidən devalvasiya təhlükəsi ola bilər. Amma manatın bazar münasibəti tələblərinə cavab verdiyi bir məqamda devalvasiyası məsələsi gündəmdə deyil. Ona görə ki, Azərbaycan manatı buna hazır da deyil. Azərbaycan iqtisadiyyatında gedən proseslər, ölkəmizin iqtisadiyyatının strukturu, xaricdən gələn valyutanın özünün strukturu, onun mənbələrinin məhdud olması şəraitində manat bütövlükdə Azərbaycan iqtisadiyyatına yox, neftin qiymətinə reaksiya verir. Belə bir şəraitdə manatın 100 faiz bazar prinsipləri çərçivəsində sərbəst buraxılması katastrofik nəticələrə gətirib çıxara bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə