“Sənaye məhəllələri regionların inkişafına gətirib çıxaracaq” AÇIQLAMA

“Sənaye məhəllələri regionların inkişafına gətirib çıxaracaq” AÇIQLAMA

"Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi strategiyanın başlıca hədəfi qeyri – neft sektorunun inkişaf etdirilməsidir. Bu sektorun yüksək səviyyədə inkişaf etdirilməsi və xüsusilə də qeyri -neft sektorunun tərkibində sənayenin inkişafı gündəmdə olan bir məsələdir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, Azərbaycanda sənaye məhəllələrinin yaradılması ilə bağlı olaraq dövlət proqramı çərçivəsində işlər görülür. 2014-cü il sənaye ili elan olunaraq bu sahədə bir çox işlər görülüb: "Gələcəkdə Azərbaycanın beynəlxalq miqyasda sənaye ölkəsinə çevrilməsi və eyni zamanda kənd təsərrüfatının inkişaf etdirilməsi, turizmin inkişafı sayəsində də regionlarda artıq bu işlər yüksək səviyyədə gedir. Çünkü regionların sosial – iqtisadi inkişafı dövlət proqramı mövcuddur və bu proqram 2013- 2018- ci illəri əhatə edir. Proqram çərçivəsində sənaye ilə bağlı işlər həyata keçiriləcək, digər tərəfdən sənayeləşmə ilə bağlı çox böyük işlər görülüb. Belə ki, 2014-cü il sənaye ili idi və eyni zamanda sənaye məhəllələrinin salınması ilə bağlı Prezident Fərman imzalayıb, tədbirlər planı tərtib olunub".

Aydın Hüseynov onu da qeyd etdi ki, regionlarda sənaye məhəllələrinin yaradılması iqtisadi baxımdan daha əlverişlidir. Sənaye məhəllələrinin yaradılmasına cənab Prezident tərəfindən xüsusi diqqət yetirilir: "Xüsusilə sənaye məhəllələrini yaradılması regionlar üçün nəzərdə tutulub. Çünkü regionlarda sənaye məhəllələrinin yaradılması həm də əlverişlidir. Ona görə ki, orada orta tutumlu layihələr tələb olunur, yəni o qədər də böyük maliyyə tələb etmir. Bir tərəfdən artıq regionların təminatında heç bir problem yoxdur və birgə sənaye məhəlləsinin yaradılmasıyla bağlı tələb olunan bütün münbit şərait regionlarımızda mövcuddur. Dövlət proqramlarının olması, sənaye məhəllələri ilə bağlı prezidentin xüsusi tapşırığının olması və eyni zamanda qeyri - neft sektorunun şaxələndirilmiş şəkildə inkişaf etdirilməsi, bütün bunların hamısı ona gətirib çıxaracaq ki, doğrudan da artıq regionlarda böyük sənaye müəsisələri fəaliyyətə başlayacaq. Neft emalı müəsisələri, kənd təsərrüfatının tərkib hissəsi olan və onun nəzərində fəaliyyət göstərəcək kənd təsərrüfatı müəsisələri də olacaq. Artıq region müəsisələri mövcuddur. Bu da regionların daha da inkişafına gətirib çıxaracaq".

Bütün xəbərlər Facebook səhifəmizdə