Bu gün Bakıda Azərbaycan Respublikası Energetika Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) və Caspian European Club-un dəstəyi ilə III Beynəlxalq "Caspian Energy Forum–2015" öz işinə başlayıb.
SİA-nın məlumatına görə, forumu açıq elan edən "Caspian European Club"un baş icraçı direktoru Telman Əliyev tədbirin keçirilməsində əsas məqsədin biznes-dövlət ünsiyyətinin yaradılması olduğunu deyib.
Tədbirdə Azərbaycanın, habelə Xəzər-Qara dəniz və Baltik regionları ölkələrinin nazirlik, komitə və idarələrinin rəhbərləri, ölkəmizdə akkreditə edilmiş diplomatik və beynəlxalq missiyaların nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini, Təbii ehtiyatları, Energetika və Ekologiya Komitəsinin sədri Valeh Ələsgərov qeyd edib ki, Azərbaycan dünya iqtisadiyyatına bağlı bir ölkədir. Onun sözlərinə görə əgər iri dövlətlərdə hər hansısa iqtisadı böhran baş verərsə bu dünyanın bütün ölkələrində olduğu kimi Azərbaycanda da müəyyən dərəcə hiss olunur: "Bu səbəbdən də, bizlər hər zaman dünyada baş verə biləcək hər hansısa iqtisadi böhrana hazır olmalıyıq. Böhrandan heç bir zərər çəkmədən çıxmaq üçün isə daima yeni yollar axtarılmalıdır. Azərbaycan hər zaman öz iqtisadi siyasətini uğurla həyata keçirib və sabaha doğru inamla addımlayır".
Tədbirdə həmçinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazir müavini Firdovsi Əliyev "Azərbaycanın enerji Siyasətinin Ətraf Mühit Aspektləri" mövzusunda çıxış edib.
Daha sonra sonra çıxış edən Azərsun Holdinqin Müşahidə Şurasının sədri Abdolbari Goozal – "Azərbaycan İqtisadiyyatının Dünəni, Bu günü, Sabahı" mövzusunda bir sıra mühüm məsələlərə aydınlıq gətirib. Abdolbari Goozal müstəqillik illərində Azərbaycanın apardığı uğurlu iqtisadi siyasətə diqqət çəkərək qeyd edib ki, 1991-ci ildə müstəqillik əldə etdikdən sonra Azərbaycan öz dinamik inkişaf tempinə görə dünya ölkələri arasında ön mövqelərdə dayanır.
Tədbirdə daha sonra, Azpetrol LTD-nin Baş Direktoru Hüseynağa Rəhimov, Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyasının Baş direktoru Göksel Aybek, Ecoland LLC-nin Baş direktoru Ağa Mehdi Xanlarov çıxış ediblər.
Daha sonra SOCAR-ın geologiya, geofizika və yataqların işlənməsi üzrə Birinci -Vitse prezidenti, Akademik Xoşbəxt Yusifzadə - "Müstəqillik illərində Azərbaycanda neft sənayesinin nəaliyyətləri və gələcək perspektivləri" mövzusunda çıxış edib. Xoşbəxt Yusifzadə "Əsrin Müqaviləsi"nin imzalanmasından sonra Azərbaycanda neft sənayesinin artan templə inkişaf etdiyini qeyd edərək bildirib ki, müstəqilliyyin ilk illərində neft sənayesində müəyyən çətinliklər yaşansa da, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatı tez bir zamanda böyük nailiyyətlər əldə etdi.
Daha sonra "Əsrin Müqaviləsi"nin önəmindən söhbət açan Akademik Xoşbəxt Yusifzadə bildirib ki, bu müqavilə həm siyasi, həm də iqtisadi cəhətdən Azərbaycan üçün çox əhəmiyyətli bir sənəd rolunu oynayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB